ABB Özbəkistan bazarına daxil olur – “Davr Bank”ın 51%-i alınır
“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) beynəlxalq genişlənmə strategiyası çərçivəsində Özbəkistan bazarına daxil olmağa hazırlaşır. Bank bu ilin ikinci yarısında Özbəkistanın özəl banklarından biri olan “Davr Bank”ın səhmlərinin 51 %-ni alaraq fəaliyyətə başlamağı planlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə olunması ilə bağlı danışıqlar artıq müsbət yekunlaşıb.
Sədr qeyd edib ki, ABB-nin nəzarət paketini əldə etmək istədiyi bank “Davr Bank”dır və hazırda icazə və rəsmiləşdirmə prosesləri davam edir.
“Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə başa çatdıracağıq. Bundan sonra ölkəmizin beynəlxalq bank brendi olan ABB Özbəkistan bazarında “ABB Davr Bank” adı ilə fəaliyyət göstərəcək”, – deyə A.İbrahimov vurğulayıb.
O bildirib ki, sövdələşmənin tamamlanması üçün həm Azərbaycanın tənzimləyici qurumlarının, həm də Özbəkistan Mərkəzi Bankının müsbət rəyləri tələb olunur.
ABB rəhbəri qeyd edib ki, “Davr Bank”ın aktivləri təxminən 1 milyard ABŞ dolları təşkil edir. Bankın 1,4 milyondan artıq müştərisi, həmçinin 43 filial və biznes mərkəzi fəaliyyət göstərir.
A.İbrahimov vurğulayıb ki, ABB seçim zamanı bir sıra mühüm meyarlara üstünlük verib. Bunlara sağlam biznes modelinin olması, Özbəkistan bazarında SME (kiçik və orta sahibkarlıq) müştəriləri ilə işləmək üzrə müsbət reputasiya, xarici maliyyə institutları – Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə yaxşı əlaqələr, səhmdarın payını satmaq istəyi və strateji hədəflərin uyğunluğu daxil olub.
Sədr söyləyib ki, Özbəkistandakı bank alışına yönəldiləcək investisiya həcmi hazırkı hesablamalara əsasən 100 milyon ABŞ dollarından çox olacaq.
Qeyd edək ki, “Davr Bank” 2001-ci ilin sentyabr ayından fəaliyyət göstərir.
Fuad Mədətov
Fins.az