
3D Secure dələduzluq hallarından qorunmağa imkan verir
Fins.az – “Azər Türk Bank” ASC müştərilərinə internet üzərindən aparılan ödənişlərin təhlükəsizliyini təmin edən 3D Secure xidmətini təqdim edir.
Bankın məlumatına görə, 3D Secure internet vasitəsilə həyata keçirilən ödənişlərin təhlükəsizliyini artıran və dələduzluq hallarından qorunmağa imkan verən müasir texnologiyadır.
Bildirilib ki, xidmətin iş prinsipi müştərinin autentifikasiyasının yalnız kart sahibinə məxsus olan və kartın üzərində qeyd edilməyən xüsusi 3D parolu vasitəsilə həyata keçirilməsinə əsaslanır.
Bank qeyd edir ki, 3D Secure xidmətinin əsas üstünlükləri internet ödənişlərinin təhlükəsizliyinin təmin edilməsi və dələduzluq hallarından mühafizənin gücləndirilməsidir.
Xidmətə qoşulma qaydasına əsasən, Bankın SMS Bildiriş xidmətinə qoşulmuş müştəri 3D Secure texnologiyasını dəstəkləyən internet səhifəsində alış-veriş əməliyyatı həyata keçirərkən əlavə qeydiyyatdan keçmədən mobil telefonuna SMS vasitəsilə təhlükəsizlik şifrəsi alır.
Müştəri göndərilən şifrəni müvafiq xanaya daxil edib təsdiqlədikdən sonra internet üzərindən alış-veriş əməliyyatı uğurla başa çatır.