
Orta Dəhliz və TRIPP marşrutları Azərbaycan logistika mərkəzi kimi mövqeyini gücləndirir
Avrasiya məkanında dəniz geosiyasi riskləri 2026-cı ildə də yüksək səviyyədə qalacaq və regionda ticarət marşrutları uğrunda rəqabət daha da kəskinləşəcək. Eyni zamanda Orta Dəhliz və TRIPP marşrutunun formalaşması regionda yeni geosiyasi balans yaradır.
Fins.az xəbər verir ki, bu barədə geosiyasi kəşfiyyat və risklərin qiymətləndirilməsi üzrə ixtisaslaşmış konsaltinq və media agentliyi "Special Eurasia" tərəfindən dərc olunan “Avrasiya üzrə Dəniz Geosiyasi Riskləri 2026” adlı məqalədə bildirilib.
Qeyd olunur ki, 2026-cı ilə qədər Xəzər dənizi regionunda mühüm geosiyasi dönüş baş verib və sovet dövründən qalan ənənəvi iqtisadi asılılıqların zəifləməsi nəticəsində qitələrarası ticarət marşrutları uğrunda çoxqütblü rəqabət formalaşıb.
Analitiklər bildirirlər ki, bu prosesdə Azərbaycan logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirib.
“Azərbaycan inteqrasiya olunmuş istehsal və tranzit infrastrukturu hesabına regionda mühüm logistika qovşağına çevrilib və Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas nəqliyyat arteriyasına çevrilir”, – məlumatda vurğulanıb.
Vurğulanır ki, Qərb ölkələri sanksiyalar səbəbindən Rusiya üzərindən keçən marşrutlara alternativ axtardığından Orta Dəhlizə maraq əhəmiyyətli dərəcədə artıb.
“Sanksiyalara məruz qalan Rusiya marşrutlarından asılılığı azaltmaq istəyən Qərb kapitalının böyük hissəsi Orta Dəhliz layihəsinə yönəlir”, - deyə məqalədə qeyd edilib.
Eyni zamanda bildirilir ki, regionun geosiyasi dinamikasında mühüm elementlərdən biri də ABŞ-nin təşəbbüsü ilə formalaşdırılan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur (TRIPP).
“TRIPP ABŞ-nin rəhbərlik etdiyi təşəbbüs kimi təqdim olunur və ödənişli tranzit zonasını əhatə edir. Bu layihə Vaşinqtona marşrut üzərində 74 faiz pay verir və regionda Rusiya–İran təsirinə birbaşa geosiyasi çağırış kimi qiymətləndirilir”, - Avrasiya üzrə Dəniz Geosiyasi Riskləri 2026” adlı məqalədə qeyd olunub.