
BMW S58 mühərrikini Euro 7 standartına uyğunlaşdırır
Fins.az - BMW yaxın aylarda BMW M2, BMW M3 və BMW M4 modellərində istifadə olunan 3,0 litrlik sıralı altısilindrli S58 benzin mühərrikini yeniləyəcək.
Modernləşdirilmiş aqreqat kombinə edilmiş alışdırma sistemi və dəyişən geometriyalı turbokompressorlarla təchiz olunacaq. Şirkət əvvəlki güc göstəricilərini qorumaqla yanaşı, daha aşağı yanacaq sərfiyyatı və yaxşılaşdırılmış ekoloji göstəricilər vəd edir.
Məlumata görə, yenilənmə əsasən bu ilin 29 noyabrından qüvvəyə minəcək Euro 7 ekoloji normalarına uyğunlaşmaq məqsədi daşıyır.
Yeni standartlar artıq bir sıra daxili yanma mühərriklərinin bazardan çıxmasına səbəb olub. Xüsusilə Volkswagen Group bu dəyişikliklərdən daha çox təsirlənən istehsalçılar arasında göstərilir. Eyni zamanda, bəzi mühərriklərdə güc azalması müşahidə olunub. Buna nümunə kimi BMW M5 modelində istifadə edilən 4,4 litrlik V8 S68 mühərriki göstərilir.