Azərbaycanda yeni Toyota RAV4: qiymət və texniki göstəricilər açıqlanıb

Azərbaycanda yeni Toyota RAV4: qiymət və texniki göstəricilər açıqlanıb

AVTO
290

Fins.az - “Toyota”nın tamamilə yenilənmiş RAV4 modeli Azərbaycan bazarında təqdim olunur. Şirkətin məlumatına görə, yeni model hibrid və plug-in hibrid güc aqreqatları, müasir dizaynı və inkişaf etmiş texnologiyaları ilə seçilir.

Bildirilir ki, yeni Toyota RAV4 həm ön ötürücülü (FWD), həm də tam ötürücülü (AWD) versiyalarda təklif edilir. Plug-in hibrid versiyada avtomobilin elektrik rejimində yürüş məsafəsi WLTP standartına əsasən 100 kilometrədək, maksimal gücü isə 304 at qüvvəsinədək çatır.

Məlumata əsasən, modelin başlanğıc qiyməti 76 800 AZN təşkil edir. Bu qiymət 2.5 litrlik hibrid mühərrik və Continuously Variable Transmission (CVT) transmissiyası ilə təchiz olunan Rav4 MID 2WD komplektasiyasına aiddir.

Qeyd olunur ki, yeni RAV4 təhlükəsiz, geniş və çoxfunksiyalı avtomobil kimi təqdim edilir. Model hibrid və plug-in hibrid mühərrik seçimləri ilə təklif olunur və həm şəhər, həm də müxtəlif yol şəraitində istifadə üçün nəzərdə tutulub.

Şirkətin məlumatına görə, RAV4 modelinin müxtəlif komplektasiyaları satışa çıxarılıb. Bunlara Rav4 MID 2WD (76 800 AZN), Rav4 MID 4WD (80 600 AZN), Rav4 STYLE 2WD (81 200 AZN), Rav4 STYLE 4WD (85 000 AZN), Rav4 HIGH 2WD (89 400 AZN), Rav4 GR-S 4WD (90 700 AZN) və Rav4 HIGH 4WD (93 600 AZN) versiyaları daxildir.

Model 2.5 litrlik TNGA hibrid mühərriki, ön və tam ötürücü sistemləri, CVT transmissiyası, 446 litrlik baqaj həcmi və 0-dan 100 km/saat sürətə 6,1 saniyəyə sürətlənmə göstəricisi ilə təchiz olunub.

Yeni Toyota RAV4-ün dizaynında yenilənmiş radiator barmaqlığı, müasir ön işıqlandırma elementləri və möhkəm eksteryer xətləri tətbiq edilib. Şirkət bu modelin 1994-cü ildə kompakt krossover sinfinin əsasını qoyan RAV4 ailəsinin ən son nümayəndəsi olduğunu və əvvəlki nəsillərin pioner ruhunu davam etdirdiyini vurğulayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yeni Toyota RAV4: qiymət və texniki göstəricilər açıqlanıb — Fins.az — Fins.az