RƏSMİ

18 Oktyabr

GÜNDƏM:Milli Məclisdən Azərbaycanın Müstəqilliyinin Bərpası Günü təbriki, Yeni enerji investisiyaları və COP29-da imzalanacaq sazişlər

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Müstəqilliyin bərpasından danışan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 1918-ci ildə demokratik dövlət quruculuğu yolunda atılan addımlar müsəlman şərqində yeni mərhələ açıb.

“Lakin təəssüf ki, quruduğumuz dövlət cəmi 23 ay yaşaya bilib. Ötən əsrin 90-cı illərin əvvəlində dövlətimiz dərin siyasi və iqtisadi böhrana düşüb, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilib.

Belə şəraitdə Ermənistan torpaqlarımızın işğalını gücləndirirdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasətçi Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyi və yorulmaz səyləri nəticəsində Azərbaycanın qarşısındakı ağır problemləri aradan qaldırmağı bacardı. Bugünkü müasir, müstəqil, müasir Azərbaycan Heydər Əliyev fədakarlığının nümunəsidir”, - deyə S.Qafarova əlavə edib.

* * *

Azərbaycanda bələdiyyələrin sayı azaldılır.

Fins.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Regional məsələlər komitəsinin “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihələrində əksini tapıb.

Layihəyə əsasən,1400 bələdiyyə birləşəcək. Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 684-ə düşəcək.

Xatırladaq ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 aprel 2024-cü il tarixli qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.
Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

* * *

Naxçıvanda 2030-cu ilə qədər 1200 MVt gücündə günəş elektrik stansiyalarının (GES) inşa edilməsi üzrə "Baltech", "Nobel Energy", "A-Z Czech Engineering" və "TotalEnergies" şirkətləri ilə əməkdaşlıq edilir.

Fins.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpaolunan enerji potensialına malik Naxçıvan Prezident İlham Əliyevin "yaşıl enerji" zonası təcrübəsinin bu strateji bölgədə də tətbiqi siyasətinə uyğun inkişaf etdirilir. Burada istehsalla ixrac marşrutunun yaradılmasına vəhdətdə baxılır.

Təsadüfi deyil ki, Naxçıvanın 4 illik inkişafı üzrə dövlət başçısının müəllifi olduğu dövlət proqramında, həmçinin "yaşıl enerji" zonasının inkişafına dair konsepsiyanın hazırlanması ilə bağlı müvafiq sərəncamda bu məsələlərə birlikdə diqqət yetirilir. Naxçıvanda "Yaşıl Enerji Zonası" Konsepsiyasının, elektrik enerjisinin Türkiyəyə ixrac layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanılıb.

Naxçıvandan 1000 MVt-dan çox enerjinin Türkiyə və Avropaya ixracı strateji hədəfinə uyğun olaraq "Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə" layihəsinin "Azərbaycan-Türkiyə-Avropa Yaşıl Enerji Dəhlizi"nədək inkişafı əsas prioritetlərimizdən biridir", - deyə o qeyd edib.

* * *

Prezident İlham Əliyevin "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerjidoldurma məntəqələrinin quraşdırılması planlaşdırılır.

Fins.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

Onun sözlərinə görə, bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Elektromobillik üzrə Milli Plan" açıqlanacaq:

"Milli Planın iki əsas mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir.

İkinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerjidoldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir.

Elektromobillikdən istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq "Energetika haqqında" və "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunlara düzəlişlər hazırda razılaşdırılır".

* * *

“Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanması COP-a olan planlarımız sırasındadır.

Fins.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

Nazir bildirib ki, Azərbaycan başlanğıc nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünün də vacib tərəfidir:

"Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında ötən ilin noyabrında və bu ilin mayında imzalanmış Birgə Kommunike və “yaşıl enerji dəhlizi”nin yaradılmasını nəzərdə tutan Əməkdaşlıq Memorandumu əsasında qısa müddətdə layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) texniki tapşırığı təsdiq edildi və TİƏ-nin hazırlanmasına məsul şirkət kimi “CESI” seçildi. Qərargahı Bakıda olmaqla layihə üzrə Birgə Müəssisənin yaradılması qarşıda duran vəzifələrdəndir.

Mərkəzi Asiya üçün Enerji Keçidi üzrə İnvestisiya Forumu çərçivəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanması COP-a olan planlarımız sırasındadır. Praktiki cəhətdən “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur.

Beləliklə, Avropada təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda “təmiz enerji”yə keçidi sürətləndirəcək “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizləri ümumavrasiya miqyaslı vahid “yaşıl enerji platforması” olmağa iddialıdır. Azərbaycanın liderlik etdiyi bu layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpa olunan enerji sistemində istehsalla istehlak mərkəzlərini, regionları və qitələri əlaqələndirəcək, balanslaşmanı təmin edəcək.

Avropaya “yaşıl enerji”ni müxtəlif marşrutlarla Azərbaycan, Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən gətirməklə strateji missiya yerinə yetirmiş olacaq. Bu gün interkonnektorların şəbəkə dayanıqlığının artırılmasında və regionlar arasında daha geniş bərpa olunan enerjinin inteqrasiyasının dəstəklənməsində mühüm rolu ilə bağlı qlobal səviyyədə olan çağırışları nəzərə aldıqda ölkəmizin proaktiv addımlar atdığı bir daha aydın görünür".

* * *

Elanı COP-a planlaşdırılan digər bir sənəd "Elektromobillik üzrə Milli Plan"dır. Milli Planın iki əsas mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

O qeyd edib ki, 2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir.

"İkinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerjidoldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir. "Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi" haqqında dövlət başçısının müvafiq Sərəncamına əsasən Bakı və ətraf ərazilərdə 77, əsas magistrallarda 70, işğaldan azad olunmuş bölgələrdə 20-dən az olmayaraq enerjidoldurma məntəqələrinin quraşdırılması planlaşdırılır. Elektromobillikdən istifadənin genişləndirilməsi ilə əlaqədar olaraq "Energetika haqqında" və "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunlara düzəlişlər hazırda razılaşdırılır.

Qanunvericilik bazasının təkmilləşdirilməsi, eyni zamanda energetika sektorunda islahatların davam etdirilməsi çərçivəsində Energetika Nazirliyi və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən görülən işlər sırasında "Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında" və "İstilik təchizatı haqqında" qanun layihələri və xeyli sayda qaydaların, eləcə də "Elektrik enerjisi bazarı elementlərinin mərhələli tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası ilə əlaqədar Koordinasiya Şurasının yaradılmasını qeyd etmək olar.

"Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydaları" ilə yanaşı, elektrik enerjisi istehsalçılarının elektrik şəbəkələrinə çıxışının monitorinqini, elektrik enerjisindən istifadə, elektrik qurğularının quraşdırılması, istismarında təhlükəsizlik texnikası, texniki istismarı, şəbəkəyə qoşulma, elektrik şəbəkələri və digər istiqamətləri əhatə edən 10-dan çox qayda da hazırlanıb", - deyə P.Şahbazov əlavə edib.

* * *

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” yeni dövlət standartını qəbul edib.

Fins.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, yeni dövlət standartı özündə müəssisə və təşkilatların ətraf mühitə mənfi təsirlərini minimuma endirmək, resurslardan səmərəli istifadə etmək və ekoloji məsuliyyət xüsusiyyətlərini ehtiva edir.

Bundan əlavə, müvafiq standart təşkilatların idarəetmə sistemlərində yaşıl maliyyə idarəetməsi, dayanıqlı təchizat zənciri, ekoloji dayanıqlılıq və ekoloji innovasiyalar kimi əsas prinsiplərin tətbiqini stimullaşdıracaq.

Sözügedən dövlət standartı “Sustainable Development Goals” (SDGs) tərəfindən təqdim edilən standart layihəsi çərçivəsində “Uyğunluğun qiymətləndirilməsi” (AZSTAND/TK 08) və “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitələrdə (AZSTAND/TK 09) müzakirə edilib, ümumi razılıq əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün İnstituta təqdim olunub.