Türkiyədən dəvət olunan mütəxəssislər yerli fermerlər, aqronomlar və zeytun yağı emalçılarına zeytun bağlarının idarə olunması və zeytun yağının ən müasir texnologiyalarla emal olunmasına dair oktyabrın 30-31-də və noyabrın 1-də təlim keçəcək.
Fins.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, təlimin məqsədi intensiv zeytun bağlarının effektiv idarə edilməsi - əkin sxemləri, zeytun çeşidləri, budama, suvarma, gübrələmə, xəstəlik və zərərvericilərin idarə olunmasında müasir üsulları tətbiq etməklə zeytun məhsulundan yüksəkkeyfiyyətli zeytun yağı alınması və emal texnologiyalarına dair bilik və bacarıqların artırılmasına nail olmaqdır.
Təlim qeyd olunan bütün mövzuları əhatə etməklə, həm nəzəri biliklərin artırılması, həm də praktiki sessiyalardan ibarət olacaq. Zeytun yağının emal texnologiyaları və yağın əldə olunması prosesi müəssisə şəraitində nümayiş etdiriləcək.
Təlimlər Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi (AXA) və HAUS MMC-nin təşkilatçılığı ilə AXA-nın Aqrar Təlim Mərkəzində keçiriləcək.
Fuad Mədətov
Fins.az