OPEC COP29-da Bakıda öz pavilyonunu təqdim edəcək.
Fins.az xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays Vyanada keçirilən iqlim dəyişikliyi üzrə 26-cı koordinasiya iclasının iştirakçılarına müraciətində bildirib.
O, iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv hədəfinin əhəmiyyətini vurğulayıb.
"OPEC Katibliyi iqlim müzakirələri və proseslərini izləməyə davam edəcək, nümayəndə heyətləri ilə sıx əlaqədə olacaq. Bundan əlavə, COP29-da OPEC pavilyonu təqdim olunacaq, burada təşkilat emissiyaların azaldılması, enerji təhlükəsizliyinin təmin edilməsi və neftin hamı üçün dayanıqlı enerji əldə edilməsində rolu barədə fikirlərini bölüşəcək", — o qeyd edib.
OPEC-in Baş katibi, həmçinin, Azərbaycanı COP29-un yeni sədri olaraq birgə və inklüziv yanaşmaya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
* * *
Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının 7-ci iclası keçirilib. Tədbirdə “Azərbaycan Hava Yolları” QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, eləcə də hava nəqliyyatı sahəsində güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak ediblər.
İclasda mülki aviasiya təhlükəsizliyinin gücləndirilməsi və sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi əsas müzakirə mövzusu olub. Bu istiqamətdə qanunsuz müdaxilə aktlarına qarşı ilkin cavab tədbirlərini özündə əks etdirən Təlim Planı, təhlükəsizlik zonalarının optimallaşdırılması və təhdidlərin qiymətləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Aviasiya təhlükəsizliyinin davamlı inkişafı üçün müvafiq qurumlar arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Eyni zamanda, tədbirdə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mövzusu ətrafında da fikir mübadiləsi aparılıb. Konfrans müddətində sərnişin axınına nəzarət, risklərin effektiv idarə olunması üçün əlavə tədbirlər müzakirə edilib.
Qeyd edək ki, bu kimi mütəmadi keçirilən görüşlər mülki aviasiyasının təhlükəsizliyinin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə və mümkün təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsinə mühüm töhfə verir.
* * *
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Yaponiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin statusu və gələcəyi, Bakı ilə İrəvan arasında sülh prosesi və Bakıda keçiriləcək COP29 konfransı müzakirə edilib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə “X” sosial şəbəkəsində bildirib.
"Yaponiyaya işgüzar səfəri çərçivəsində Elçin Əmirbəyov Yaponiyanın yüksək vəzifəli rəsmiləri, o cümlədən, milli təhlükəsizlik müşaviri Takeo Akiba, xarici işlər üzrə dövlət naziri Kiyoto Tsuci və parlamentin Müşavirlər Palatasının Xarici İşlər və Müdafiə Komitəsinin rəhbəri Kimi Onoda ilə görüşərək, Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti, perspektivləri və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı çağırışlar, eləcə də, Bakıda keçiriləcək COP29 barədə müzakirələr aparıb", - o qeyd edib.
Səfir əlavə edib ki, Elçin Əmirbəyov Yaponiyanın Beynəlxalq Əlaqələr Forumu (JFIR) çərçivəsində "Cənubi Qafqazda sülhün bərqərar olması üçün tarixi şans: çağırışlar və imkanlar" mövzusunda çıxış edib.
* * *
COP29 Azərbaycan Əməliyyat Şirkəti iqlim dəyişmələrinə qarşı mübarizədə dayanıqlı inkişafın və qlobal ekoloji öhdəliklərin yerinə yetirilməsinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə, COP29 Azərbaycan ƏŞ tərəfindən yeni onlayn dayanıqlılıq təlim proqramı geniş ictimaiyyətə təqdim edilir.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin müvafiq sahələr üzrə ixtisaslaşmış mütəxəssisləri tərəfindən tərtib edilən təlim proqramı ekoloji və sosial dayanıqlılıq, müyəssərlik, inklüzivlik və digər müxtəlif mövzularda məlumatlılığın artırılmasına xidmət edir. Proqramın məqsədi COP29 ərəfəsində dayanıqlı və inklüziv gələcəyin qurulması üçün hər bir vətəndaşın rolunu vurğulamaqla əsas anlayış və bilikləri təmin etmək, qeyd edilən istiqamətdə ictimai maarifləndirməyə töhfə vermək, eləcə də COP29 konfransı və konfransdan sonra müvafiq sahədə vərdişlərin formalaşdırılması və tətbiqinin təşviqidir.
Onlayn təlim proqramından yararlanmaq istəyən hər kəs “Eduaz” onlayn tədris platformasının müvafiq bölməsi üzərindən qeydiyyatdan keçərək bu təlimlərə qoşula bilər. Qeydiyyat haqqında video təlimatı bu link vasitəsilə izləyə bilərsiniz. Təlim proqramı ilə əlaqədar yarana biləcək suallarla bağlı +994 12 535 29 28 nömrəsi ilə əlaqə saxlanıla bilər.