Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib.
Fins.az xəbər verir ki, paylaşımda deyilir:
"Zəfər tariximiz - Füzulinin Ermənistan işğalından azad edilməsindən dörd il ötür".
* * *
Bu gün Füzuli şəhərinin erməni işğalından azad olunmasının 4-cü ildönümüdür.
2020-ci ilin 27 sentyabrından 17 oktyabr tarixinə qədər davam edən Füzuli döyüşləri, Vətən müharibəsinin ən ağır mərhələlərindən birinə təsadüf edir. Düşmən çox sayda canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalıb. Əməliyyatlar zamanı Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilir, Ermənistan ordusu isə ciddi itkilər verir.
Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsini təmin edib. Döyüşlərin son fazası öncəsi, 16 oktyabrda Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edib. Nəticədə, Füzuli şəhəri bir neçə istiqamətdən mühasirəyə alınıb.
16 oktyabr gecəsi başlayan şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusunun əzmi ilə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan azad edilir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi sayəsində 44 gün ərzində işğal altındakı ərazilər, o cümlədən Füzuli, düşməndən təmizlənərək ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Şuşanın 8 noyabrda azad edilməsi müharibənin dönüş nöqtəsi oldu və Şuşa əməliyyatı Azərbaycan ordusunun hərbi bacarığının və strateji düşüncəsinin simvoluna çevrildi.
Cəmi 6 gün sonra, 16 noyabr 2020-ci ildə, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər edərək, şəhərdə Azərbaycan bayrağını dalğalandırdılar.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev Ermənistana davamlı sülh təklif etsə də, Ermənistan bu təklifi geri çevirib və ərazilərimizdə terror aktları və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan antiterror tədbirləri həyata keçirib və erməni separatçı qüvvələrini 24 saatdan az müddətdə təslim olmağa məcbur edib.
Nəticədə, erməni silahlı qüvvələri tam şəkildə tərksilah edilib, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edilib, separatçıların rəhbərləri həbs olunub və Azərbaycan öz suverenliyini tam şəkildə bərpa edib.
* * *
Bu gün Ermənistanın Gəncəyə beşinci qanlı raket hücumundan 4 il keçir.
2020-ci il 17 oktyabr gecəsi Gəncənin mərkəzi Ermənistanın raket hücumuna məruz qalıb. Bu, şəhərə edilən sayca beşinci hücum idi. Nəticədə 15 mülki şəxs şəhid olub, 55 nəfər yaralanıb.
Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasəti yürüdərək, Cenevrə Konvensiyasını, BMT və Haaqa Konvensiyalarını, UNESCO-nun qərar və qətnamələrini, eləcə də digər beynəlxalq təşkilatların öhdəliklərini kobud şəkildə pozmuşdu. Buna baxmayaraq, Ermənistan beynəlxalq hüquq normalarını nəzərə almadan mülki əhaliyə qarşı hücumlarını davam etdirdi.
Ümumilikdə, Gəncə şəhərinə beş dəfə raket və ağır artilleriya zərbələri endirilib. Bu hücumlar nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. Şəhərin mülki infrastrukturuna və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və qeyri-qanuni silahlı birləşmələrin mülki yaşayış məntəqələrini hədəf alması nəticəsində 93 mülki şəxs həlak olub, 444 nəfər isə yaralanıb. Həlak olanlar arasında 54 kişi, 27 qadın və 12 uşaq var idi. Yaralananlar isə 268 kişi, 109 qadın və 67 uşaqdan ibarətdir.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə törədilən bu terror aktlarına görə ittiham olunan və özünü Qarabağda separatçıların "prezidenti" adlandıran Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.