Prezident İlham Əliyev “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
Fins.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli sərgi iştirakçıları!
Hörmətli xanımlar və cənablar!
Sizi “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin açılışı münasibətilə salamlayıram.
İlk dəfə 2003-cü ildə təşkil olunan “Xəzər İnşaat Həftəsi” tikinti və infrastruktur sahəsində nüfuzlu tədbirlərdən birinə çevrilib. Burada dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq fürsəti qazanırlar. Bu il dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi ilə bağlı keçirilən müzakirələr və təqdimatlar tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır.
“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur.
Builki sərgi məzmun və iştirakçılar baxımından yeniliklərlə zəngindir. Sərgi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. “Rebuild Karabakh” sərgisi bu mötəbər tədbirlə ortaq məqsədə, yəni dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur.
Sərgidə dövlət və özəl sektorun birgə iştirakı yeni layihələrin həyata keçirilməsi, eləcə də biznes imkanlarının daha da artması üçün mühüm perspektivlər açır. Sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında əhəmiyyətli addım olacaqdır.
Sizi sərginin bütün istiqamətləri ilə yaxından tanış olmağa, yeni ideyalar və əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmağa dəvət edirəm. Əminəm ki, bu sərgi daha faydalı iş birliyi əsasında Qarabağın dirçəlişində və dayanıqlı inkişafında mühüm fürsətlər yaradacaqdır.
Hər birinizə bu sərgidə uğurlar arzulayıram!"
* * *
Bakıda Xəzər İnşaat Həftəsinə start verilib.
Fins.az-ın məlumatına görə, 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionun inşaat sektorundakı ən önəmli tədbirlərdən biri olan Xəzər İnşaat Həftəsi keçirilir. Tədbir çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı sərgisi "Rebuild Karabakh", 29-cu Azərbaycan Beynəlxalq İnşaat sərgisi "BakuBuild", 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisioner, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu sərgisi "Aquatherm Baku", eləcə də 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi "RoadTraffic" keçirilir.
Xəzər İnşaat Həftəsi tikinti sahəsində dünyanın bir çox ölkəsindən şirkətləri bir araya gətirir. Tədbirlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və bir sıra digər dövlət qurumları və təşkilatlar tərəfindən dəstəklənir.
Bu il tədbirdə 22 ölkədən 380-dən çox şirkət iştirak edir. İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Avstriya, Çin, İtaliya, Rusiya, Türkiyə və digər ölkələr var. Sərgilərdə Almaniya, Böyük Britaniya, Macarıstan, Rusiya və Türkiyə milli və regional stendlərlə təmsil olunacaq. Xüsusilə, Çin şirkətlərinin sayında artım müşahidə olunur, həmçinin Özbəkistandan 20-dən çox şirkət iştirak edir.
Sərgilər Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş zalını da əhatə edəcək. Süni intellekt və yüksək texnologiyaların tətbiqi ilə məşğul olan şirkətlər ilk dəfə olaraq sərgilərdə yer alacaq.
2024-cü ildə Xəzər İnşaat Həftəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” ilə üst-üstə düşür və bu mövzu sərgilərdə də öz əksini tapacaq.
“Rebuild Karabakh” sərgisi artıq 4-cü dəfə təşkil olunur. Sərginin əsas məqsədi Qarabağın bərpa proseslərinə investisiyaları artırmaq və xarici şirkətləri bu prosesə cəlb etməkdir. Sərgidə müxtəlif sahələr üzrə təqdim edilən məhsul və xidmətlər yeni əməkdaşlıqlar və müqavilələr üçün platforma yaradır.
Hər bir sərgi iştirakçısı Qarabağ Dirçəliş Fonduna ianə edir və bu günə qədər sərgilər vasitəsilə 109 243,16 AZN məbləğində ianə toplanıb.
"BakuBuild" sərgisi tikinti sahəsində yenilikləri təqdim edir və yeni işgüzar əlaqələr qurmaq üçün platforma rolunu oynayır. "Aquatherm Baku" isə enerjinin idarə olunması, su təchizatı və istilik sistemləri üzrə ən son texnologiyaları təqdim edir.
"RoadTraffic" sərgisi Azərbaycanda yol infrastrukturu və nəqliyyat sahəsində ixtisaslaşmış tədbirdir. Bu sərgi peşəkarların yol təhlükəsizliyi və nəqliyyat sahəsində təcrübə mübadiləsi üçün nadir imkandır.
Sərgi proqramı çərçivəsində mütəxəssislərin iştirak etdiyi sessiyalar və müzakirələr də planlaşdırılıb. Tədbir ziyarətçilərə ən son tendensiyaları öyrənmək və beynəlxalq şirkətlərlə işgüzar əlaqələr qurmaq imkanı verəcək.
Xüsusi olaraq "Qarabağ - xalçaçılıq diyarı" adlı guşədə Qarabağ xalçaları nümayiş olunacaq, eləcə də "Ümid var" xeyriyyə cəmiyyətinin uşaqları tərəfindən "Qarabağ fərqlilərin fırçasında" sərgisi təqdim ediləcək.
Xəzər İnşaat Həftəsi, beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi və regionun tikinti və infrastruktur sahəsindəki inkişafına töhfə verən mühüm platformaya çevrilib.
* * *
Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarına artıq 118 milyon manatdan çox investisiya qoyulub və təxminən 500 daimi iş yeri yaradılıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov jurnalistlərə bildirib.
"Ağdam Sənaye Parkı rezidentlərin sayı baxımından Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdədir. Hazırda Ağdam Sənaye Parkının 60 faizdən çox ərazisi artıq sahibkarlara verilib. Ümumilikdə 41 sahibkarlıq subyekti rezident statusu alıb, daha 5 subyekt isə bu 2 zonada qeyri-rezident statusu əldə edib.
Bu 46 müəssisədən gözlənilən ümumi investisiya həcmi 390 milyon manatdan çox olacaq, yaradılacaq daimi iş yerlərinin sayı isə 4000-dən çoxdur. Hazırda Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarına artıq 118 milyon manatdan çox investisiya qoyulub və təxminən 500 daimi iş yeri yaradılıb. Xüsusilə Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyətə başlayıb, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 1 müəssisə fəaliyyət göstərir", - o qeyd edib.
Onun sözlərinə görə, bu şirkətlər elektrik paylama avadanlıqları, beton transformatorlar, dam və fasad örtükləri, ventilyasiya sistemləri, metal məmulatlar istehsal edir, həmçinin, kənd təsərrüfatı texnikası və yük avtomobilləri üçün texniki xidmət göstərir.
"İstehsal olunan məhsullar azad olunmuş ərazilərdə tikintidə fəal istifadə olunur və qismən digər ölkələrə ixrac edilir", - o əlavə edib.
* * *
Şuşada yeni yaşayış binaları tikiləcək və insanların köçürülməsi davam edəcək.
Fins.az xəbər verir ki, bunu Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O qeyd edib ki, Şuşa şəhərində abidələrin bərpa olunması işləri davam edir.
T.Novruzov bildirib ki, bu il Şuşanı xeyli sayda insanlar ziyarət edib.
“Bu il Şuşaya sakinlərin köçürülməsi həyata keçirilib. Böyük qayıdış proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir və insanların öz doğma yurdlarına köçürülməsi davam etdiriləcək”, - deyə o əlavə edib.
* * *
Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Koreya Hökuməti arasında əməkdaşlığın növbəti mühüm mərhələsi baş tutub.
Fins.az xəbər verir ki, Koreya Hökuməti tərəfindən "Kiçik Həcmli İnkişafa Rəsmi Yardım" proqramı çərçivəsində Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edilib.
Bu təşəbbüs Azərbaycanda həssas əhali qruplarının, xüsusən də uşaqların sağlamlığını qorumağa və onların tibbi xidmətlərə çıxışını yaxşılaşdırmağa yönəlib.
Layihə Agentlik ilə Koreya Hökuməti arasında davam edən səmərəli və uzunmüddətli əməkdaşlığın bir hissəsidir. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təhvil-təslim mərasimində bildirib ki, bu cür layihələr ölkəmizin səhiyyə sisteminin inkişafına mühüm töhfə verir:
“Layihənin əsas məqsədi ölkəmizdə tibbi xidmətlərin həm əlçatanlığını, həm də keyfiyyətini artırmaqdır. Bu avadanlıqlar icbari tibbi sığorta ilə bölgə əhalisinin keyfiyyətli və müasir tibbi xidmətlərə çıxışını təmin edəcək”.
Vüqar Qurbanov isə çıxışında vurğulayıb ki, Koreya ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə səhiyyə işçilərinin peşəkar bacarıqlarının artırılması və tibbi avadanlıqların təmin edilməsi istiqamətində mühüm layihələr həyata keçirilir:
“Bu əməkdaşlıq, səhiyyə sistemimizin davamlı inkişafına və vətəndaşlarımızın sağlamlığının qorunmasına mühüm töhfələr verməkdədir”.
"Ürək-damar xəstəliklərinin müalicəsi üçün tibb mərkəzlərinin ən müasir tibbi avadanlıqlarla təmin edilməsi zəruridir. Bu səbəbdən də səfirliyimiz ürək-damar xəstəlikləri ilə bağlı Azərbaycan vətəndaşlarının təhlükəsiz və səmərəli tibbi xidmətlər ala bilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əl-ələ verərək bu ilki kiçik həcmli inkişafa rəsmi yardım layihəsini həyata keçirir," - deyə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq öz çıxışına əlavə edib.
Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov isə öz növbəsində aidiyyəti qurumlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
İanə edilmiş avadanlıqlara defibrilyator, anesteziya aparatı, süni tənəffüs cihazı, xəstə monitoru, əməliyyat lampası, əməliyyat masası, elektrocərrahiyyə aparatı, cərrahi aspirasiya aparatı, alət dəsti, infuziya sistemi daxildir. Əlavə olaraq, reanimasiya şöbəsi üçün reanimasiya çarpayıları, xəstə monitoru, reanimasiya ventilyatoru, defibrilyator, aspirasiya aparatı, pediatriya üçün ultrasəs cihazı təqdim edilib. Reanimasiya və intensiv terapiya bölmələrində istifadə ediləcək avadanlıqlar ölüm riski yüksək olan pasiyentlərin müalicəsi üçün mühüm əhəmiyyət daşıyır. Koreya Hökuməti tərəfindən ianə edilən tibbi avadanlıqların ümumi dəyəri 500 000 ABŞ dolları təşkil edir.
Qeyd edək ki, bu təşəbbüs Koreya Hökumətinin Azərbaycana ilk yardımı deyil. Əvvəlki illərdə də Koreya Hökuməti tərəfindən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrinə ana və uşaq sağlamlığının qorunması üçün avadanlıqlar ianə edilib, həmçinin COVID-19 pandemiyası dövründə müayinə köşkləri təhvil verilib.