Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.
Fins.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar hazırlıq prosesləri, Azərbaycanın COP29 sədrliyinin prioritetləri müzakirə olunub.
Azərbaycanın çoxtərəfli diplomatiyada, eləcə də BMT təsisatlarında rolunun əhəmiyyətinə diqqət çəkən BMT Baş katibinin müavini, ölkəmizin COP29-un təşkil olunması istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib. Bununla yanaşı, sülh və təhlükəsizlik, yeni texnologiyalar, gələcəyin maliyyə arxitekturası kimi elementlərin də əks olunduğu Gələcəyin Sammiti zamanı qəbul edilmiş yekun sənədin vacibliyi vurğulanıb.
Tərəflər daha sonra, ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri nəzərdən keçirərək, bu işdəki əhəmiyyətli proqresi məmnunluqla qeyd ediblər.
Nazir C.Bayramov Azərbaycanın sədrlik etdiyi COP29 çərçivəsində aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verərək, iqlim dəyişmələri ilə mübarizədə tələb olunan maliyyə vəsaitinin qarşılanması üçün yeni kəmiyyət maliyyə hədəfi müəyyənləşdirilməsinə çalışıldığı, bunun üçün konsensusun əhəmiyyətini diqqətə çatdırıb. Tərəflər bu istiqamətdə BMT və beynəlxalq maliyyə təsisatlarının dəstəyinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COP29 sədrliyi tərəfindən müxtəlif istiqamətlərdə irəli sürülən 14 təşəbbüsə dəstək barədə məlumat verilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *
Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.
Fins.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çoxtərəfli siyasi məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Siyasi məsləhətləşmələr zamanı TDT çərçivəsində siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinin mövcud perspektivləri və gələcək planlar, habelə Təşkilatın Bişkek Sammitinin təşkilindən irəli gələn məsələlər müzakirə olunub.
Siyasi məsləhətləşmələrin, Naxçıvan sazişi ilə təsis olunan TDT-nin yaradılmasının 15 illiyinə təsadüf etməsi xüsusilə qeyd olunub. Bu münasibətlə, nazir müavini Elnur Məmmədov tarixi Naxçıvan sazişinin 15 illiyinə həsr olunmuş xüsusi xatirə hədiyyəsini Təşkilatın baş katibi Kubanıçbek Ömüralıyevə təqdim edib.
Ötən 15 il ərzində Təşkilat çərçivəsində Türk dünyasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafının, əlaqələrin gücləndirilməsinin məmnunluq doğurduğu, bundan sonra da mövcud imkanlardan istifadə etməklə bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanın ailəmiz hesab etdiyimiz Türk dünyasını birləşdirən Təşkilatın daha da inkişaf etməsinə xüsusi əhəmiyyət verdiyi, bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış etdiyi, cari ildə Şuşa şəhərində keçirilən qeyri-rəsmi zirvə görüşünün və Qarabağ Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir müavini Elnur Məmmədov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin yenidənqurma və sülh səylərinin hazırkı durumu barədə ətraflı məlumat verib.
Çoxtərəfli siyasi məsləhətləşmələr çərçivəsində, həmçinin nümayəndə heyətlərinin rəhbərləri Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla da görüşüblər.
* * *
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.
Fins.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, 8-9 oktyabr tarixlərində 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıyan Şuşa şəhərində ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası keçirilir. Oktyabrın 9-da sessiya işini davam etdirib. Üçüncü iclasda İslam Dünyasının İrs Siyahısına təqdim edilmiş müxtəlif nominasiyalar nəzərdən keçirilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş "Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə təklif müzakirə olunub. Əvvəlcə ICESCO-nun İslam Dünyası İrs Komitəsində ölkəmizi təmsil edən ekspert Rizvan Bayramovun çıxışı dinlənilib.
Daha sonra Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı “Ağdamın inciləri” adlı təqdimatla çıxış edib. Təqdimatda Ağdamın mədəni irsi ilə bağlı 4 dörd dövr – yaradılış (Qarabağ xanlığı dövrü və XIX əsr), mədəniyyət institutlarının inkişafı (1993-cü ilə qədər), işğal və kultursid (1993–2020-ci illər) və mədəniyyətin canlandırılması (2020-dən sonra) diqqətə çatdırılıb. İştirakçılar “İmarət” Kompleksi, Cümə məscidi, Ağdam Dövlət Dram Teatrı, Çörək Muzeyi, Çay evi kimi simvolik abidələrin müxtəlif dövrlərdə olan vəziyyətini əks etdirən fotomateriallarla tanış olublar.
İclasda mədəni irsin bərpa edilməsində Azərbaycan təcrübəsinin bütün dünyada postmünaqişə zonalarında mədəni irsin canlandırılması üçün unikal model olduğu vurğulanıb. Komitənin Şuşada gerçəkləşən 12-ci sessiyası ölkəmiz üçün xüsusilə əlamətdar olub. Müzakirələrdən sonra komitə üzvləri tərəfindən Azərbaycanın “Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın İslam Dünyası İrsinin İlkin Siyahısına salınması barədə qərar qəbul edilib.
Bununla da adıçəkilən nominasiyaların növbəti illərdə İslam Dünyasının İrs Siyahısına daxil edilməsi üçün zəmin yaranıb.
Qeyd edək ki, Mərakeş Krallığının paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında (2019) ölkəmizdən İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri ICESCO-nun İslam Dünyasının İrs Siyahısına salınıb.