Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Bu barədə Fins.az-a Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.
* * *
MDB xüsusi xidmət orqanları rəhbərləri Astanada keçiriləcək iclasda Birlik ölkələrinə beynəlxalq terror təşkilatlarının üzvlərinin və radikalların girişinin aşkarlanmasında əməkdaşlığın gücləndirilməsi tədbirlərini müzakirə edəcəklər.
Fins.az-ın məlumatına görə, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) açıqlama verib. İclasın oktyabrın 4-də Astanada MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərlərinin Şurasının 55-ci iclası çərçivəsində keçiriləcəyi bildirilib.
Plenar iclasda, şura üzvləri, Birlik ölkələrinin xüsusi xidmət orqanlarının terrorçuluq və dini ekstremizmə qarşı mübarizə sahəsindəki qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi üzərində fokuslanacaqlar.
İƏM-in məlumatına görə, MDB-yə üzv dövlətlər arasında giriş-çıxış kanallarında beynəlxalq terror təşkilatlarının üzvlərinin və radikal elementlərin axtarışının təşkilində əməkdaşlığın gücləndirilməsi üçün tədbirlər işlənib hazırlanacaq. Həmçinin, bu il ərzində terrorçuluq və ekstremizmin digər təzahürlərinə qarşı mübarizə problemlərinin tədqiqi üzrə MDB-yə üzv dövlətlərin baza təşkilatının işinin yekunları çıxarılacaq və gələcək iş istiqamətləri müəyyən ediləcək.
İclas iştirakçıları, 2026-2028-ci illər üçün terrorçuluq və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq proqramının layihəsini də müzakirə edəcəklər. Eyni zamanda, Şuranın əməliyyat-xidməti fəaliyyətinin konkret istiqamətləri üzrə işçi orqanlarının iclasları da keçiriləcək.
* * *
Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Fins.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Həmçinin, iki ölkə arasında anlaşma memorandumunun imzalanması gözlənilir.
* * *
Azərbaycan və Belarus səhiyyə nazirlikləri arasında 2024-2025-ci illər üçün əməkdaşlığa dair Proqram (Yol Xəritəsi) imzalanıb.
Fins.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycannın Baş naziri Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Belarus Respublikasına səfəri çərçivəsində iki ölkə arasında bir sıra istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Belarusun səhiyyə naziri Aleksandr Hocayev imzalayıblar.
Səhiyyə sahəsində əməkdaşlığa dair “Yol Xəritəsi”ndə akademik və elmi mübadilə, tibbi kadrların hazırlanması, əczaçılıq sənayesi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılması kimi əməkdaşlıq istiqamətləri müəyyən edilib.
Eyni zamanda, sənəd tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərlə təcrübə mübadiləsi və ixtisasartırma, eləcə də elmi-tədqiqat institut və mərkəzləri ilə əməkdaşlıq istiqamətləri üzrə məlumat mübadiləsini özündə ehtiva edir.
* * *
ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir.
Fins.az xəbər verir ki, forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşır.
Əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə "yaşıl təhsil" ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə baş tutur.
Forumun əsas məruzəçiləri Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdir.
Dominik Savaj “Məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün hansı təşəbbüsləri həyata keçirə bilərlər?,”Andreas Şleyxer “Dayanıqlı inkişaf yolunda təhsil” başlıqlı geniş təqdimatla çıxış edəcəklər.
Həmçinin Estoniyada ekoməktəblər üzrə koordinator Maris Məgi “Ekoloji şüurlu şagirdləri necə yetişdirmək olar? Ekoməktəblərdən dərslər”, ADA Universitetinin prorektoru Vəfa Kazdal “Təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi”, pedaqogika üzrə tanınmış alim, təhsil tədqiqatçısı və alim Özgür Bolatın “Təbiət uşaqların nailiyyətlərinə və xoşbəxtliyinə necə təsir edir?” mövzularında təqdimatlar edəcəklər.
Forum “Ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası: təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi” mövzularını əhatə edir.
Beynəlxalq forum çərçivəsində T-Network platformasının rəhbəri, təhsilin idarə olunması üzrə doktorant Cəfər Mənsiminin moderatorluğu ilə “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında müzakirələr aparılacaq.
Forum "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "XXI əsrin tələblərinə uyğun təhsil" istiqamətini əsas götürür.
Məlumat üçün bildirək ki, forumun əsas tərəfdaşlarından biri sayılan Dünya Təhsil Forumu təhsil və bacarıqlar nazirlərinin ən böyük illik toplantısıdır. Hər il Londonda keçirilən Dünya Təhsil Forumunda dünya əhalisinin 80 faizindən çoxunu təmsil edən nazirlər və onların baş məsləhətçiləri gələcək təhsil siyasətini müzakirə etmək üçün bir araya gəlirlər.