RƏSMİ

30 Sentyabr

Xarici borc ÜDM-in 7,5 faizi qədərdir

Prezident İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında hazırda gələn ilin büdcəsinin müzakirəsinin getdiyini bildirərək, bu mühüm dövlət sənədinin ölkəmizin imkanlarını əks etdirdiyini vurğulayıb.

Fins.az xəbər verir ki, dövlətimizin başçısı daha sonra heç bir yerdən heç bir yardım almadığımızı, əksinə, xarici borcun azaldıldığını və bununla bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifənin artıq uğurla yerinə yetirildiyini xatırladıb: “Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək”.

Yeri gəlmişkən, Maliyyə Nazirliyinin məlumatına əsasən, xarici borclanma hesabına icrası həyata keçirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilən operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, cari ilin birinci yarısında xarici dövlət borcu 5 milyard 367,5 milyon dollar ekvivalentinə bərabər olub.

Eyni zamanda, daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu cari il iyulun 1-də 1 milyard 6571,9 milyon manat təşkil edib.

Xarici dövlət borcunun davamlı azalmasında dövlət başçısının 22 iyul 2022 -ci il tarixli müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” önəmli rol oynayıb. Xatırladaq ki, adıçəkilən strategiyada 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faizini, o cümlədən xarici dövlət borcunun 10 milyard dolları üstələməməsi qarşıya mühüm vəzifə kimi qoyulub.

Burada onu da qeyd edək ki, respublikamızın 2022–2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyası imzalanana qədər xarici dövlət borcunun azalması probleminin həllini ölkə Prezidentinin 2018-ci il 24 avqust tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” şərtləndirib. Lakin dövrün bir sıra yeni sosial-iqtisadi çağırışları “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da müəyyən düzəlişlər aparılmasını zəruriləşdirib.

Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki nitqində gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını da bəyan edib: “Ölkə qarşısında duran vəzifələrin yerinə yetirilməsinə böyük maliyyə vəsaiti tələb olunmasına baxmayaraq biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Bu yaxınlarda Azərbaycan Milli Məclisində etdiyim çıxışda bütün o rəqəmlər diqqətə çatdırılmışdır. Təkrar etmək istəmirəm, son beş il ərzində Azərbaycanda nə qədər böyük sosial islahatlar paketi reallaşdırıldı”.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, ölkəmizdə sosial siyasətin uğurla davam etdirilməsi müəyyənləşdirilən vəzifələr sırasında həmişə diqqət mərkəzində saxlanılıb. Ölkəmizdə vətəndaşların layiqli yaşamasının gerçəkləşdirilməsi və sosial sahədə islahatların davam etdirilməsinə mühüm önəm verilib. Məsələn, 2018-ci ildən 4 milyon insanın sosial rifahının yaxşılaşmasına xidmət edən sosial paketlər uğurla reallaşdırılıb, son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artırılıb.

Dövlətimizin başçısının gələn ildən minimum pensiya və minimum əməkhaqqının artırılması ilə bağlı səsləndirdiyi fikirlər deməyə əsas verir ki, sosial siyasət bundan sonra da diqqət mərkəzində saxlanılacaq, 2025-ci il büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında mühüm yer tutacaq.

Bütün istiqamətlər üzrə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 43 faizini təşkil edir. 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımların 2 milyondan artıq vətəndaşı əhatə edəcəyi gözlənilir. Müasir-innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulur.