RƏSMİ

26 Sentyabr

GÜNDƏM: Azərbaycanın Xarici Əlaqələri: Makronun BMT Çıxışına Reaksiya, Almaniya və Finlandiya ilə Əməkdaşlıq və Cəbrayıla İlk Köç Karvanı

Fransa Prezidenti Emmanuel Makronun 25 sentyabr tarixində BMT Baş Assambleyasında çıxışı zamanı, “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı” fikirləri Fransanın həm ölkəmizə, həm də ümumilikdə sülh prosesinə göstərdiyi qərəzli ermənipərəst yanaşmanın növbəti nümunəsidir.

Fins.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin BMT Baş Assambleyasında Emmanuel Makronun çıxışı zamanı Azərbaycan əleyhinə söylədiyi fikirləri şərh edərkən deyib.

Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın Azərbaycan tərəfini təzyiqlərdə təqsirləndirməsi qəbuledilməzdir.

30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanılının qayıdış hüququnu heçə sayan Ermənistanın sülhsevər qurban ölkə kimi təqdim olunması Fransanın apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.

Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını tələb edirik.

* * *

Bakıda Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verib..

Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya Federativ Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Konrad Ars fon Ştrausenburq rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, o cümlədən energetika və nəqliyyat, habelə humanitar, xüsusilə təhsil və səhiyyə sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də müqavilə-hüquq bazanın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirələrdə diqqət mərkəzində olub. Bu xüsusda 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.

* * *

25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonen ilə görüşüb.

Fins.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Finlandiya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, o cümlədən Finlandiyanın 2025-ci il ATƏT sədrliyindən irəli gələn məsələlər, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əməkdaşlıq üçün əlavə imkanlar yarada biləcəyi diqqətə çatdırılıb.

Postmünaqişə dövründə bölgəmizdə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Ermənistan qanunvericiliyində Azərbaycana qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətlə silahlanmasının bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT Sivilizasiyalar Alyansının Baş katibin müavini və Ali Nümayəndəsi Migel Moratinosla görüşüb.

Fins.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində bildirib.

Danışıqlar zamanı Azərbaycan-BMT Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq, Azərbaycanın sivilizasiyalararası dialoqdakı rolu, eləcə də Bakı prosesi diqqət mərkəzində olub.

* * *

Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Fins.az xəbər verir ki, ilkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.