2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.
Fins.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açıq elan edib. Məhkəmə heyəti və katibi təqdim edildikdən sonra iclasda məruzəçi hakimin seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumatı dinlənilir.
İclasın yekununda Milli Məclisə keçirilən seçkilərin nəticələri təsdiq ediləcək.
Qeyd edək ki, sentyabrın 16-da MSK sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub və seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.
* * *
Qərbi Azərbaycan İcmasının ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilmiş dinləmələrlə bağlı bəyanat yayıb.
Fins.az xəbər verir ki, İcmanın məlumatına görə, Qərbi Azərbaycan İcması olaraq, ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında 19 sentyabr 2024-cü il tarixində keçirilmiş "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" adlı dinləmələrdən dərin narahatlığımızı ifadə edirik. Bu dinləmələr zamanı Azərbaycan əleyhinə səsləndirilən ittihamlar, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizliyin və azərbaycanlılara qarşı ayrı-seçkiliyin növbəti təzahürüdür.
Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına, o cümlədən, Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə davam etmiş işğal nəticəsində 800 minə yaxın azərbaycanlının doğma yurdlarından qovulmasına və onların geri qayıtmasına maneə törədilməsinə münasibətdə ABŞ Konqresinin göstərdiyi laqeydliyi qınayırıq.
Xatırladaq ki, Ermənistanın işğal dövründə törətdiyi genişmiqyaslı dağıntılar, əraziləri minalaması və infrastrukturu məhv etməsi səbəbindən, məcburi köçkünlərin öz evlərinə sürətlə qayıtması hələ də mümkün deyil. Həmçinin, Ermənistandan yüz minlərlə azərbaycanlının qovulması və onların geri qayıtmaq hüquqlarının pozulmasına ABŞ Konqresinin göz yumması azərbaycanlılara qarşı ayrı-seçkiliyin digər bariz nümunəsidir.
Dinləmələr zamanı məsələlərin dini çərçivədə təqdim edilməsi də təəssüf doğurur. Bu yanaşma, dini və etnik qarşıdurmaları qızışdıraraq regionda sülhə və sabitliyə zərbə vurmaq məqsədi daşıyır.
ABŞ Konqresinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik göstərməsi və ölkəmizin suveren hüquqlarını təhrif etməsi qəbuledilməzdir.
ABŞ tərəfinin sözügedən keçmiş qanunsuz rejimin nümayəndələrinə viza verməsi və onların tədbirdə iştirakına şərait yaratması bu ölkənin separatçılığa dəstəyinin göstəricisidir. Bundan əlavə, bu kimi dinləmələrin keçirildiyi qanunvericilik orqanının guya müstəqil olması və dinləmlərin hökumətin siyasətini əks etdirməməsi barədə bəhanələrlə bağlı bildiririk ki, Konqresin sözügedən addımlarının məhz ABŞ administrasiyasının sifarişi ilə həyata keçirildiyi heç kimdə şübhə doğurmur.
Biz, Qərbi Azərbaycan İcması olaraq, ABŞ Konqresindən bu cür ayrı-seçkili və təxribatçı yanaşmadan əl çəkməyi tələb edirik. Bu mövqe azərbaycanlıların insan hüquqlarını pozur, dini və etnik qarşıdurmanı alovlandırır, sülh prosesinə mane olur və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərməklə beynəlxalq hüququ tapdalayır.
Biz həmçinin ABŞ Konqresini azərbaycanlıların Ermənistana geri qayıtmaq hüquqlarını dəstəkləməyə və regionda ədalətli və davamlı sülhün bərqərar olmasına mane olmamağa çağırırıq.
* * *
Sentyabrın 21-də günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən Fins.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 22-si axşamadək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
* * *
Sabahdan Bakının Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Fins.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.