RƏSMİ

20 Sentyabr

GÜNDƏM: "Əsrin Müqaviləsi", bu şəhərlərimizin günüdür, Dövlət Suverenliyi Günü ...

Bu gün "Əsrin Müqaviləsi"nin imzalanmasından 30 il ötür.

Fins.az xəbər verir ki, 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsi üçün “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycan, ABŞ, Böyük Britaniya və digər ölkələrin iştirakı ilə bağlanıb və sonradan əlavə 26 sazişin imzalanmasına yol açdı.

Prezident Heydər Əliyev “Əsrin müqaviləsi”ni Azərbaycanın iqtisadi inkişafının əsas dayağı kimi təqdim etmiş və bununla ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün mühüm addımlar atılmışdır. Müqavilə Azərbaycan xalqının müstəqillik və modernləşmə yolunda strateji əhəmiyyət daşıyır.

* * *

20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü kimi qeyd olunur.

Prezident İlham Əliyev 18 sentyabr 2024-cü ildə bu barədə sərəncam imzalayıb. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu erməni təxribatlarına cavab olaraq antiterror əməliyyatı keçirərək separatçıları təslim olmağa məcbur edib. Bu əməliyyat nəticəsində Qarabağda konstitusiya quruluşu bərpa olunub və 2023-cü ilin oktyabrında Prezident İlham Əliyev işğaldan azad edilən şəhərlərdə Azərbaycan bayrağını ucaldıb.

* * *

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 20 sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.

Fins.az paylaşımı təqdim edir:

"Əziz həmvətənlər, Dövlət Suverenliyi Günü münasibətilə sizi təbrik edirəm! Qoy qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun!"

* * *

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu gündə Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Fins.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımında yer alıb.

Paylaşımda həmçinin, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin minnətdarlıqla yad edilib, qazilərə isə Allahdan şəfa dilənib: "Yaşasın Azərbaycan!"

Fuad Mədətov
Fins.az