RƏSMİ

09 Sentyabr

Nazir: Yaşıl iqtisadiyyata keçid və KOB-ların təşviqi

Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqlim dəyişikliyi, azalan təbii ehtiyatlar və artan tələbatın “yaşıl iqtisadiyyat”ın inkişafını şərtləndirdiyi qeyd olunub.

Fins.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək, yaşıl iqtisadiyyatın dayanıqlı inkişaf üçün əhəmiyyətini vurğulayıb: “Prezident İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlərdən biri 'Təmiz ətraf mühit və 'yaşıl artım' ölkəsi'dir. Bu istiqamətdə ‘2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası’ çərçivəsində tədbirlər həyata keçirilir.”

Nazir əlavə edib ki, “Yaşıl Dünya Naminə Həmrəylik” ilində və COP29 ərəfəsində ölkəmizdə mühüm tədbirlər keçirilir. Konfransın məqsədi yaşıl iqtisadiyyata keçid prosesində yaşıl KOB konsepsiyasını təşviq etməkdir. Ekoloji təmiz texnologiyaların tətbiqi, “yaşıl” istehsalın artırılması, təkrar emal və çirklənmiş ərazilərin bərpası kimi məsələlərin əhəmiyyəti diqqətə çatdırılıb. Özəl sektorun, xüsusilə kiçik və orta biznesin bu prosesdəki rolu vurğulanıb.

Bu tədbir, yaşıl iqtisadiyyatın inkişafı və ətraf mühitin qorunması yönündə atılacaq addımların müzakirəsi üçün mühüm platforma olub.