RƏSMİ

05 Sentyabr

Azərbaycanda metal tullantılarının ixrac rüsumları artırılıb - Nazirlər Kabineti

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Fins.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, metal tullantılarının mövcud ixrac rüsumları artırılıb, həmçinin, ixrac rüsumu tətbiq olunmayan bəzi metal qırıntılarına ixrac rüsumları təyin edilib.

Belə ki, tökmə çuqunun tullantıları və qırıntıları, tərkibində 8 kütlə % və ya daha çox nikel olan metal tullantıları, qalay layı ilə örtülmüş qara metalların tullantıları və qırıntılarının hər 1 000 kq-nın ixracı üçün rüsum 7 ABŞ dollarından 500 ABŞ dollarına, torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalatı tullantıları, mişaragzı, paketlənmiş və xırdalanmış (doğranmış) metal tullantıları, təkrar əritmə üçün külçələr (şixta külçələri) üçün ixrac rüsumu 5 ABŞ dollarından 500 ABŞ dollarına çatdırılıb.

Qərar dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minir.