RƏSMİ

03 Sentyabr

Azərbaycanın COP29-a sədrliyi: Mərkəzi Asiya ölkələri milli iqlim planlarını təqdim edəcəklər

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində Mərkəzi Asiya ölkələri öz milli iqlim planlarını (NDP) təqdim edəcək və qlobal iqlim dəyişiklikləri ilə mübarizə üzrə təşəbbüslərini paylaşacaq.

Fins.az xəbər verir ki, bu baradə Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov yüksək səviyyəli dialoq çərçivəsində bildirib.

A.Abduhakimov, yüksək səviyyəli dialoq çərçivəsində bu məsələləri qeyd edib və COP29-un noyabr ayında Bakıda keçirilməsinin Mərkəzi Asiya üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Nazir bildirib ki, Bakıda keçiriləcək bu mühüm qlobal tədbir dünya miqyasında əhəmiyyət kəsb edəcək və iqlim dəyişikliyi ilə mübarizə üzrə bir neçə mühüm sənədin qəbul olunması nəzərdə tutulur. Özbəkistan bütün təşəbbüsləri dəstəkləyəcəyini qeyd edib.

Qeyd edək ki, Azərbaycan 25 sentyabr 2024-cü il tarixində BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq təşkil edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

İki həftə ərzində Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək və bu tədbir, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərin artırılmasına yönəlmiş mühüm addım olacaq.

Fuad Mədətov
Fins.az