RƏSMİ

02 Sentyabr

Rövşən Rüstəmov: "Bakı Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının mərkəzi ola bilər"

Orta Dəhlizin cənub marşutu - Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin bu ayın ikinci yarısında Bakıda vahid assosiasiyasının yaradılması planlaşdılır.

Bunu “Report”a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib. Bu assosiasiya, iştirak edəcək ölkələrin dəmir yolu administrasiyaların iştirakı ilə yaradılacaq.

Onun sözlərinə görə, bununla bağlı Bakıda tədbir keçiriləcək: “Tədbirdə başqa təkliflər də səsləndirilə bilər, lakin bizim gözlədiyimiz odur ki, Bakı əsas namizədlərdən biri ola bilər. Ölkələrin əksəriyyəti də assosiasiyanın mərkəzi olaraq Bakının seçilməsini dəstəkləyir”.

R.Rüstəmov qeyd edib ki, bir neçə ay əvvəl Türkmənistan və Özbəkistanda görüşlər keçirilib: “Görüşlərdə assosiasiya ilə bağlı məsələlər müzakirə edilib. Səfərdən sonra danışıqlar daha intensiv şəkildə aparılıb".

Xatırladaq ki, 2024-cü ilin 7 ayında Orta Dəhlizlə daşınmalar 2,56 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 % çoxdur.

Bu il dəhliz vasitəsilə daşımaların həcminin 4,2 milyon tona çatdırılması planlaşdırılır.

2023-cü ildə Orta Dəhliz ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 65 % artaraq 2,7 milyon ton təşkil edib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.