Prezident İlham Əliyev “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fins.az xəbər verir ki, fərmana əsasən,
Sənədə aşağıdakı məzmunda 3.8 – 3.10-cu bəndlər əlavə edilsin:
“3.8. İdarəedici təşkilat sənaye parklarının, habelə onların rezidentlərinin və qeyri-rezidentlərinin reyestrini (bundan sonra – reyestr) yaradır, həmin reyestrin aparılmasını və reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təmin edir. Reyestrin aparılması qaydasını səlahiyyətli orqan müəyyən edir.
3.9. Sənaye parkının yaradılması barədə qərar qəbul edildikdən sonra 10 (on) iş günündən gec olmayaraq, bu barədə Əsasnamənin 3.10-cu bəndində göstərilən məlumatlar idarəedici təşkilat tərəfindən reyestrə daxil edilir.
3.10. Reyestr informasiya ehtiyatıdır və oraya sənaye parkının yaradılması barədə aktın tarixi, nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili və müddəti, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsi daxil edilir.”
5.0.7-ci yarımbənd aşağıdakı redaksiyada verilib:
“5.0.7. sənaye parkının rezidenti və qeyri-rezidenti ilə bağlanılan sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsinin və tikilinin icarə müqavilələrinin nümunəvi formasını müəyyən edir;”.
Aşağıdakı məzmunda 5.0.7-3-cü yarımbənd əlavə edilib:
“5.0.7-3. operator tərəfindən sənaye parkında həyata keçirilən fəaliyyət haqqında yarımillik hesabatın, habelə operatorun fəaliyyətinin kənar auditor hesabatının idarəedici təşkilata təqdim edilmə qaydasını müəyyən edir;”;
6-cı hissə aşağıdakı redaksiyada verilib:
“6. İDARƏEDİCİ TƏŞKİLATIN VƏZİFƏLƏRİ VƏ HÜQUQLARI
6.1. İdarəedici təşkilatın vəzifələri aşağıdakılardır:
6.1.1. sənaye parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər görmək;
6.1.2. sənaye parkının inkişaf konsepsiyasının və əsasnaməsinin layihələrini hazırlamaq, səlahiyyətli orqanla razılaşdırmaqla təsdiq etmək;
6.1.3. sənaye parkının inkişaf konsepsiyasını, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı proqramları həyata keçirmək;
6.1.4. sənaye parkının, onun rezidentlərinin və qeyri-rezidentlərinin reyestrini aparmaq, sənaye parkının rezidentinə qeydiyyat şəhadətnaməsi vermək;
6.1.5. sənaye parkının rezidenti olmaq istəyən hüquqi və fiziki şəxslərlə niyyət razılaşması bağlamaq;
6.1.6. sənaye parkının rezidentləri və qeyri-rezidentləri ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlamaq;
6.1.7. sənaye parkının ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini və (və ya) tikililəri sənaye parkının rezidentlərinə və qeyri-rezidentlərinə icarəyə vermək;
6.1.8. sənaye parkının rezidentlərinin istifadəsində olan torpaq sahələrinin və mülkiyyətində (istifadəsində) olan tikililərin onun yeni rezidentlərinə icarəyə (subicarəyə) verilməsinin sənaye parkının fəaliyyətinə uyğunluğunu müəyyən etmək;
6.1.9. sənaye parkında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair sənaye parkının rezidentləri və qeyri-rezidentləri ilə bağlanılmış müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət etmək, həmin müqavilələr üzrə aşkar olunmuş pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı tədbirlər görmək;
6.1.10. səlahiyyətli orqanın müəyyən etdiyi qaydada sənaye parkının rezidentlərinin, habelə qeyri-rezidentlərinin fəaliyyəti haqqında hesabatlar, statistik məlumatlar almaq, sənaye parkının rezidentlərinin fəaliyyətinin təqdim etdikləri investisiya layihəsinə (biznes-plana) uyğunluğunu qiymətləndirmək;
6.1.11. sənaye parkında səlahiyyətli orqanın, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaratmaq;
6.1.12. dövlət orqanları (qurumları) tərəfindən sənaye parkının rezidentlərində və qeyri-rezidentlərində keçirilən yoxlamalarda rezidentlərin və qeyri-rezidentlərin dəvəti ilə iştirak etmək;
6.1.13. sənaye parkının fəaliyyəti və inkişafı barədə yarımillik hesabatları, o cümlədən kənar audit hesabatlarını səlahiyyətli orqana təqdim etmək;
6.1.14. mühasibat uçotu aparmaq və statistik hesabatlar tərtib etmək;
6.1.15. sənaye parkının operatoru seçildiyi halda onunla idarəetmə sazişi bağlamaq və operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət etmək;
6.1.16. sənaye parkının rezidentləri və qeyri-rezidentləri, habelə onlarla operator arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək etmək;
6.1.17. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, bu Əsasnaməyə əməl edilməsi ilə bağlı sənaye parkının rezidentlərinə və qeyri-rezidentlərinə kömək göstərmək;
6.1.18. sənaye parkının hüdudlarında idarəetməni və təsərrüfat fəaliyyətini təşkil etmək;
6.1.19. sənaye parkının infrastrukturuna xidmət göstərmək, onun normal fəaliyyətini təmin etmək, cari və əsaslı təmirini həyata keçirmək;
6.1.20. sənaye parkının rezidentlərinin və qeyri-rezidentlərinin yazılı müraciətləri əsasında onların adından dövlət və yerli özünüidarəetmə orqanları qarşısında təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək;
6.1.21. istilik və elektrik enerjisinin, suyun və qazın paylanılması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərini göstərmək;
6.1.22. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. İdarəedici təşkilatın hüquqları aşağıdakılardır:
6.2.1. sənaye parkının fəaliyyətini təşviq etmək, sənaye parkında istehsalın inkişafı üçün investorları cəlb etmək və onlarla danışıqlar aparmaq;
6.2.2. ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətləri və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlər göstərilməsini təmin etmək;
6.2.3. sənaye parkının idarə olunması və inkişafı məqsədilə səlahiyyətli orqana təkliflər vermək;
6.2.4. sənaye parkının idarə olunması üçün müsabiqə əsasında operatoru seçmək;
6.2.5. elmi-texniki potensialın inkişafı və gücləndirilməsi məqsədilə yerli və xarici elm və təhsil müəssisələri ilə əməkdaşlıq etmək;
6.2.6. sənaye parkının ərazisində qabaqcıl texnologiyaların, texnika və materialların tətbiqini təmin etmək;
6.2.7. sənaye parkının rezidentləri və qeyri-rezidentləri, habelə onlarla dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirmək;
6.2.8. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
6.3. Sənaye parkının idarə olunması üçün müsabiqə əsasında operator seçilə və idarəetmə sazişinə əsasən sənaye parkında idarəetmə və təsərrüfat fəaliyyətinin icrası ilə bağlı bu Əsasnamənin 6-cı hissəsində nəzərdə tutulmuş vəzifələrin və hüquqların (6.1.1-ci, 6.1.2-ci, 6.1.4-cü, 6.1.7-ci, 6.1.8-ci, 6.1.13-cü, 6.1.15-ci, 6.1.16-cı (mübahisə tərəflərindən biri operator olduqda), 6.2.3-cü, 6.2.4-cü və 6.2.7-ci yarımbəndlərdə nəzərdə tutulmuş vəzifələr və hüquqlar istisna olmaqla) həyata keçirilməsi ona həvalə edilə bilər.”
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.