RƏSMİ

15 Aprel

Qarabağ suvarma kanalı yenidən qurulacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncama əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulmalı və Qarabağ suvarma kanalı adlandırılmalıdır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağ suvarma kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mingəçevir və Yevlax şəhər icra hakimiyyətləri, Goranboy, Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Qarabağ suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.

"Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işlərinin cari və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Ölkəmizin ən böyük magistral suvarma kanalı olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.

Son dövr qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı şəraitdə məhdud su ehtiyatlarına malik ölkəmizdə su təminatının mühüm həlqələrindən olan Yuxarı Qarabağ suvarma kanalında yüksək su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların aradan qaldırılması, həmçinin torpaqların meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sözügedən kanalın yenidən qurulması tələb olunur.