RƏSMİ

01 Aprel

Prezident İlham Əliyev Rumıniyanın energetika nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib.

Fins.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğu məmnunluqla vurğulanaraq bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndiyi bildirildi.

Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin fəal inkişaf mərhələsində olduğunu qeyd edərək, dövlət başçıları, eləcə də digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi-ticari əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının münasibətlərimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəminə toxunaraq bu iclasın gündəliyində enerji ilə yanaşı, digər sahələrə aid məsələlərin də olduğunu məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanda enerji sektorunda, xüsusilə indiki dövrdə yaşıl enerji sahəsində böyük layihələrin reallaşdırıldığını deyərək, ötən ay Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının önəmini vurğuladı.

Sebastiyan İoan Burduja İlham Əliyevə prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Qonaq dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən işlərin, Bakının gözəlliyinin və inkişafının onlarda dərin təəssürat doğurduğunu dedi.

Azərbaycan Prezidenti təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı energetika sahəsində artıq xeyli irəliləyişin olduğu vurğulanaraq Azərbaycandan təbii qazın və Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparıldı.

Qeyd olundu ki, LNG, yaşıl enerji və qaz təchizatı layihələri üzrə müzakirələr davam edir və Azərbaycan şaxələndirilmiş şəkildə Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləyir.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndiyinə toxunuldu, ötən il ticarət dövriyyəsinin daha əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon ABŞ dollarına çatdığı qeyd olundu, investisiya sahəsində də əməkdaşlığın möhkəmləndiyi bildirildi. SOCAR-ın Rumıniyada çox aktiv fəaliyyətinə toxunularaq onun bu ölkənin yanacaq bazarında kifayət qədər əhəmiyyətli yer tutduğu diqqətə çatdırıldı.

Söhbət zamanı kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində də əməkdaşlığın genişlənməsi məmnunluqla vurğulandı.