RƏSMİ

06 Mart

Torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilən zona müşavirələrinə yekun vurulub

Sumqayıt şəhəri və Abşeron, Xızı, Siyəzən rayonları üzrə 367 min hektara yaxın torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Bu barədə Sumqayıtda keçirilən zona müşavirəsində məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ildən etibarən keçirilən, ölkənin 59 rayon və şəhərini əhatə edən torpaq və əmlak idarəçiliyi sahəsinə həsr olunmuş zona müşavirələrinə yekun vurulub. Sonuncu bu cür tədbir martın 6-da Sumqayıt şəhərində keçirilib. Sumqayıt şəhəri və Abşeron, Xızı, Siyəzən rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin təmsilçiləri iştirak ediblər.

Zona müşavirəsində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili, bu sahədə nöqsanların aradan qaldırılması üçün görülən tədbirlərdən danışıb, torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi istiqamətində aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin önəmini vurğulayıb. Bildirilib ki, bu tədbirlərin nəticəsi olaraq, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsinə rəy və razılıqların verilməsi, torpaqların kateqoriyalara aid edilmәsi vә kateqoriyasının dəyişdirilməsi,  bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hərrac və ya müsabiqəyə çıxarılmasına rəyin bildirilməsi ilə bağlı sənədlərin hazırlanmasında müsbət dinamika müşahidə olunur.

2022-2023-cü illər ərzində Sumqayıt şəhəri və Abşeron, Xızı, Siyəzən rayonlarında Dövlət Xidməti tərəfindən aparılan monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla əkin dövriyyəsindən çıxarılır, münbit qatı korlanır, əkinə yararlı, eləcə də örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və ya zəbt edilir. Ümumilikdə, 2022-2023-cü illər ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən şəhər və rayonlarda aparılan monitorinqlər zamanı torpaq qanunvericiliyinin pozulması üzrə 5453 fakt aşkar edilərək sənədləşdirilib və müvafiq tədbirlər görülüb.

Tədbirdə dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi və digər məsələlər barədə də məlumat verilib. Qeyd edilib ki, Sumqayıt şəhəri və Abşeron, Xızı, Siyəzən rayonları üzrə ümumilikdə 367 min hektara yaxın ərazidə torpaq və üzərindəki daşınmaz əmlakı əhatə edən müfəssəl kadastr məlumat bazası yaradılıb. Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri dəqiqləşdirilib, bu şəhər və rayonlar üzrə 24 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Zona müşavirəsində Sumqayıt şəhəri və Abşeron, Xızı, Siyəzən rayonları üzrə torpaqların elektron kadastr uçotu işlərin nəticələri ilə bağlı təqdimat nümayiş olunub.

Şəhər və rayon icra hakimiyyəti, eləcə də digər dövlət orqanlarının nümayəndələri, bələdiyyə sədrləri çıxış edərək torpaq və əmlak idarəçiliyi sahəsində qarşılaşdıqları məsələlərdən bəhs ediblər.

Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində ciddi tədbirlərin görülməsinin, bu sahədə aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.