Dövlət satınalmaları haqqında” qanunun pozulmasına görə təşkilatların məsuliyyət daşıdığı halların əhatə dairəsi genişləndirilir.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Nəzarət orqanı tərəfindən satınalan təşkilatın qərarlarının (protokollarının) təsdiq edilməsi və (və ya) onların hər hansı bir müraciətinə razılıq verilməsi həmin satınalan təşkilatı bu Qanunla nəzərdə tutulan məsuliyyətdən azad etmir.
Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.
Qüvvədə olan qanuna əsasən isə, bu Qanunun pozulmasında təqsiri olanlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
Hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə təchizatçıların satınalan təşkilatın hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından inzibati qaydada, nəzarət orqanına və məhkəməyə şikayət vermək hüququ var.
Layihəyə əsasən, aşağıdakılar şikayət predmeti ola bilməz:
- təchizatçıların satınalmada iştirakının dövlət mənsubiyyətinə görə məhdudlaşdırılması;
- qanuni əsaslarla satınalmanın ləğv edilməsi;
çərçivə sazişinə əsasən satınalan təşkilat tərəfindən sifarişin verilməməsi.
Layihəyə əsasən, satınalmadan kənarlaşdırılmamış təchizatçılar satınalan təşkilata satınalmanın nəticələri ilə bağlı öz şikayətlərini gözləmə müddətində verirlər. Satınalan təşkilat gözləmə müddətində verilmiş şikayəti 5 (beş) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir.
Kənarlaşdırılmış və ya iştirak etməyən təchizatçılar satınalma müqaviləsi qüvvəyə minənə qədər öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 15 (on beş) iş günü ərzində satınalan təşkilata şikayət verə bilərlər. Satınalan təşkilat verilmiş şikayəti 10 (on) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir və həmin qərarın qəbul edildiyi gündən 1 (bir) iş günü ərzində şikayət edən təchizatçıya göndərir.
Şikayət gözləmə müddəti və ya bu Qanunla müəyyən edilən müddət keçdikdən sonra verilmişdirsə, satınalan təşkilat həmin şikayəti baxılmamış saxlayır.
Satınalan təşkilat bu Qanunda göstərilən müddət ərzində qərar qəbul etmirsə, təchizatçı bununla bağlı nəzarət orqanına və məhkəməyə şikayət verə bilər. Belə şikayət verildikdən sonra satınalan təşkilat tərəfindən həmin şikayət baxılmamış saxlanılır.
Eyni zamanda layihəyə görə, təchizatçılar aşağıdakı hallarda nəzarət orqanına şikayət verə bilər:
- satınalma müqaviləsi qüvvəyə mindikdə;
- bu Qanunda göstərilən hallarda;
- verilmiş şikayətlə bağlı satınalan təşkilatın qərarı ilə razılaşmadığı halda.
Təchizatçılar bu Qanuna əsasən, öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən, habelə bu Qanunda nəzərdə tutulmuş qərarı aldığı gündən və ya həmin qərarın verilməli olduğu gündən 15 (on beş) iş günü ərzində nəzarət orqanına şikayət verə bilərlər.
Nəzarət orqanı şikayəti aldıqdan sonra 1 (bir) iş günü ərzində bu barədə satınalan təşkilata portal vasitəsilə bildiriş göndərir. Şikayətdə qaldırılan məsələlərin araşdırılması üçün əlavə məlumat tələb olunduğu təqdirdə nəzarət orqanı satınalan təşkilata portal vasitəsilə sorğu göndərir. Satınalan təşkilat sorğunu aldıqdan sonra 3 (üç) iş günü ərzində sorğuda tələb olunan məlumatları nəzarət orqanına təqdim edir.
Nəzarət orqanı verilmiş şikayəti 20 (iyirmi) iş günü ərzində araşdıraraq müvafiq qərar qəbul edir.
Nəzarət orqanı şikayəti təmin edirsə bu Qanunda göstərilən tədbirlərdən birini və ya bir neçəsini tətbiq edir.
Bu Qanuna əsasən verilən şikayətin (gözləmə müddətində verilən şikayət istisna olmaqla) araşdırılması məqsədilə “İnzibati İcraat haqqında” qanuna uyğun olaraq nəzarət orqanının qərarı ilə satınalan təşkilat tərəfindən satınalma prosedurları 10 (on) iş gününədək dayandırıla bilər. Bu müddət nəzarət orqanının əsaslandırılmış qərarı ilə 10 (on) iş gününədək uzadıla bilər.
Təchizatçılar nəzarət orqanın qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.