RƏSMİ

22 İyun

Dövlət satınalmalarına nəzarətin xüsusiyyətləri məlum olub

Dövlət satınalmalarına nəzarətin xüsusiyyətləri müəyyənləşir.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini nəzarət orqanı həyata keçirir.

Nəzarət orqanının satınalma sahəsində dövlət nəzarəti ilə bağlı aşağıdakı səlahiyyətləri vardır:

-. satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları) tələb etmək;

-. satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi ilə bağlı satınalan təşkilatlara müraciət etmək, satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək;

-. satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək;

-. satınalmalarla bağlı araşdırma aparmaq və nəticəsindən asılı olaraq bu Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək;

-. satınalma predmetinin həcminin (miqdarının) 15 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək;

-. bu Qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək;

-. satınalmalar üzrə illik hesabatı hazırlamaq və portalda yerləşdirmək;

-. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etmək.

Satınalma müqaviləsi bağlananadək nəzarət orqanı aşağıdakı hallarda satınalan təşkilata bu Qanunla müəyyən edilmiş tədbirlərdən birini və ya bir neçəsini tətbiq edir:

-. satınalmaların bu Qanunun tələbləri pozulmaqla keçirilməsinə dair təchizatçıların əsaslandırılmış müraciəti olduqda və araşdırma zamanı həmin müraciətdə göstərilənlər təsdiqini tapdıqda;

-. keçirilən satınalma ilə bağlı təqdim olunan sənədlərdə bu Qanunun tələblərinin pozulduğu aşkar edildikdə;

-. portalda satınalan təşkilatın keçirilən satınalma ilə bağlı bu Qanunun tələblərinə zidd hərəkət və ya hərəkətsizliyi aşkar edildikdə.

Yuxarıda göstərilən hallarda nəzarət orqanı aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini tətbiq edir:

-. satınalan təşkilata qanunazidd hərəkətlər (hərəkətsizlik) etməyi və ya qərarlar qəbul etməyi, yaxud prosedurlar tətbiq etməyi qadağan etmək;

-. satınalan təşkilatın qanunazidd inzibati aktını “İnzibati icraat haqqında” qanuna uyğun olaraq ləğv etmək;

-. satınalan təşkilatın və ya satınalma komissiyasının qanunazidd hərəkətini (hərəkətsizliyini) dayandırmaq;

-. satınalan təşkilatın və ya satınalma komissiyasının qanunazidd qərarını ləğv etmək və yeni qərar qəbul etmək və ya satınalan təşkilatın əvəzinə öz qərarını qəbul etmək;

-. təkliflərin yenidən qiymətləndirilməsi və ya satınalmanın ləğv edilməsi barədə qərar qəbul etmək.

Bu Qanuna uyğun olaraq yuxarıda qeyd edilən qərarlardan hansı verilərsə, qərarda onun əsasları və icra müddəti müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzərdə tutulmuş hesabatı hər il martın 31-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.