RƏSMİ

22 İyun

Ödəniş təşkilatının və elektron pul təşkilatının hansı fəaliyyətləri göstərəcəyi açıqlanıb

Ödəniş təşkilatının və elektron pul təşkilatının hansı fəaliyyətləri göstərəcəyi müəyyənləşib.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Ödəniş təşkilatı və elektron pul təşkilatı ödəniş xidmətlərinin göstərilməsi ilə yanaşı aşağıdakı fəaliyyətləri də həyata keçirə bilər:

- ödəniş sərəncamının icrası üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydada valyuta mübadiləsi fəaliyyəti (müstəsna olaraq ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və (və ya) 3 hesab üzrə məlumat xidmətini göstərən ödəniş təşkilatları istisna olmaqla);

- kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasının aparılması üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydada və tələblər daxilində ödəniş xidməti istifadəçilərinə onlarla razılaşdırılmış şərtlərlə kreditlərin verilməsi;

- göstərdiyi ödəniş xidməti ilə birbaşa bağlı olan pulların saxlanılması, daşınması, məlumatların saxlanılması, emalı və ötürülməsi;

- bu Qanunla müəyyən edilmiş qaydada alınmış lisenziya əsasında operator fəaliyyəti, habelə bu Qanuna uyğun olaraq operatorun həyata keçirə bildiyi digər fəaliyyətlər;

- ödəniş xidmətləri ilə bağlı təlimlərin təşkili və məsləhət xidmətləri, habelə proqram təminatlarının hazırlanması.

Ödəniş təşkilatı və elektron pul təşkilatı bu Qanunla müəyyən edilmiş fəaliyyət növlərindən başqa digər fəaliyyət növlərini (bu Qanunun 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) həyata keçirə bilməzlər. 64-cü maddəyə əsasən, Mərkəzi Bank ödəniş xidmətləri sahəsində innovativ xidmət və məhsulların sınaqdan keçirilməsi üçün xüsusi tənzimləmə rejimini tətbiq edə bilər. Ödəniş xidmətləri sahəsində xüsusi tənzimləmə rejiminin tətbiqi “Azərbaycan Respublikasının Mərkəz Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Ödəniş təşkilatı və elektron pul təşkilatı (ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti və (və ya) hesab üzrə məlumat xidməti istisna olmaqla) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası qanunlarının və onlara uyğun olaraq qəbul olunan normativ xarakterli aktların tələblərinə əməl etməlidirlər. Ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş xidmətlərinin göstərilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçisindən qəbul edilən pul vəsaiti depozit hesab olunmur. Həmin vəsaitin saxlanması üzrə faiz və ya hər hansı digər formada gəlir ödənilə və bu vəsait hesabına kredit verilə bilməz. Ödəniş hesabına elektron pulun emissiyası xidməti istisna olmaqla, pul yalnız ödəniş əməliyyatının həyata keçirilməsi üçün mədaxil edilir.