Azərbaycan Respublikasında ödəniş xidməti təchizatçılarının və operatorların fəaliyyətinin tənzimlənməsi və onların fəaliyyətinə nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir.
Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bankların, xarici bankların yerli filiallarının, bank olmayan kredit təşkilatlarının və poçt rabitəsi milli operatorunun ödəniş xidmətləri sahəsindəki fəaliyyətinin tənzimlənməsi və onların fəaliyyətinə nəzarət bu Qanunun tələbləri də nəzərə alınmaqla, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.
Mərkəzi Bank bu Qanuna uyğun olaraq ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarətlə bağlı aşağıdakıları həyata keçirir:
- ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması qaydalarını, ödəniş alətlərinə dair, habelə nəzarət subyektləri tərəfindən informasiyanın mühafizəsinin təmin edilməsinə dair tələbləri, həmçinin bu Qanuna uyğun olaraq digər normativ xarakterli aktları qəbul edir;
- nəzarət subyektlərinə lisenziya verir və bu Qanunda nəzərdə tutulmuş hallarda nəzarət subyektlərini reyestrə daxil edir;
- nəzarət subyektlərinin fəaliyyətinə dair hesabatları və sənədləri, o cümlədən ödəniş xidməti istifadəçilərinin əməliyyatları barədə məlumatları, həmçinin sənədləri alır və təhlil edir;
- nəzarət subyektlərində və ödəniş agentlərində yoxlamalar aparır;
- qanunda nəzərdə tutulmuş təshih tədbirlərini tətbiq edir, verilmiş lisenziyanı ləğv edir;
- ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması üçün tədbirlər görür;
- bu Qanuna, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq digər tənzimləmə və nəzarət tədbirlərini həyata keçirir.
Nəzarət subyektləri tərəfindən verilən hesabatların (maliyyə hesabatları istisna olmaqla) forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Mərkəzi Bank nəzarət subyektlərinin fəaliyyətini “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa və Mərkəzi Bankın müvafiq normativ xarakterli aktlarına uyğun olaraq yoxlayır. Mərkəzi Bank nəzarət subyektlərinin və ödəniş agentlərinin sabit və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə bu Qanunda nəzərdə tutulan normativ və tələblərdən başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində beynəlxalq təcrübədə qəbul olunmuş digər normativləri və tələbləri müəyyən etmək hüququna malikdir. Ödəniş sistemlərinin inkişafını dəstəkləmək məqsədilə Mərkəzi Bank ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddini, operator və ödəniş sistemi iştirakçıları, habelə ödəniş xidməti təchizatçıları arasında istifadə olunan şəbəkə kanallarının standartlaşdırılmış, təhlükəsiz və etibarlı fəaliyyətinin təşkil olunması məqsədilə tələblər müəyyən etmək hüququna malikdir.
Mərkəzi Bankın ödəniş təşkilatı, elektron pul təşkilatı və operatorun nizamnamə kapitalı və məcmu kapitalın minimum miqdarına aid tələblərdə dəyişikliklər barədə qərarı qüvvəyə mindiyi gündən fəaliyyətdə olan nəzarət subyektlərinə münasibətdə 6 (altı) aydan tez olmayaraq tətbiq edilir.
Mərkəzi Bankın tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi həmin qərarın icrasını dayandırmır. Mərkəzi Bank hər hansı şəxsin bu Qanunla müəyyən edilmiş qaydada lisenziya almadan və ya reyestrə daxil edilmədən ödəniş xidmətlərini və ya operator fəaliyyətini göstərdiyini aşkar etdikdə, dərhal həmin şəxsə ödəniş xidmətləri və ya operator fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir və aidiyyəti dövlət orqanlarına (qurumlarına) bu barədə məlumat verir.
Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən bu Qanunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması halları və ya pozulmasına səbəb ola biləcək hallar aşkar edildikdə, bu halların xarakterindən asılı olaraq Mərkəzi Bank nəzarət subyektinə aşağıdakı təshih tədbirlərini ayrılıqda və ya birlikdə tətbiq edir:
- aşkar edilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verir;
- lisenziyalaşdırılan nəzarət subyektləri tərəfindən ödəniş xidmətlərinin göstərilməsini məhdudlaşdırır və ya dayandırır;
- ödəniş xidmətlərinin ödəniş agentləri vasitəsilə göstərilməsini dayandırır;
- yeni filialların açılmasını qadağan edir və (və ya) mövcud filialın (filialların) fəaliyyətinə xitam verir.
Mərkəzi Bank operatorun fəaliyyətində bu Qanunun, habelə Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması halları və ya pozulmasına səbəb ola biləcək hallar aşkar etdikdə, bu halların xarakterindən asılı olaraq onun barəsində aşağıdakı təshih tədbirlərini ayrılıqda və ya birlikdə tətbiq edir:
- aşkar edilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verir;
- ödəniş sisteminə dair qaydalarda dəyişikliklər edilməsini tələb edir;
- hesablaşma agentinin dəyişdirilməsini tələb edir;
- ödəniş sisteminin təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan iştirakçının ödəniş sistemindən kənarlaşdırılmasını tələb edir.
Göstərişdə pozuntunun və ya pozuntuya səbəb ola biləcək halların aradan qaldırılması üçün müddət göstərilir.
Mərkəzi Bank ödəniş xidmətləri sahəsində innovativ xidmət və məhsulların sınaqdan keçirilməsi üçün xüsusi tənzimləmə rejimini tətbiq edə bilər. Ödəniş xidmətləri sahəsində xüsusi tənzimləmə rejiminin tətbiqi “Azərbaycan Respublikasının Mərkəz Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.