Təchizatçıların satınalmalarda iştirakı qaydası müəyyənləşir.
Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı Azərbaycan Respublikasında keçirilən satınalmalarda iştirak edə bilərlər.
Satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakına əvvəlcədən məhdudiyyət qoymayıbsa, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz.
Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.
Həmçinin layihəyə əsasən, sənədlərin və məlumatların təqdim edilməsi formaları da müəyyənləşir.
Belə ki, satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri bildirişlər, qərarlar və digər sənədlər, habelə bu Qanunda nəzərdə tutulan məlumatlar yazılı formada təqdim olunur.
Portal vasitəsilə keçirilən satınalmalar zamanı bu Qanunda nəzərdə tutulan sənədlər (məlumatlar) yalnız portal vasitəsilə göndərilir.
Satınalma kağız daşıyıcılarında həyata keçirildikdə bu Qanunda nəzərdə tutulan sənədlər (məlumatlar) kağız daşıyıcılarında göndərilir.
Dövlət satınalmalarında iştirak üçün sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təchizatçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təchizatçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təchizatçı tərəfindən təmin edilir.
Eyni zamanda layihəyə əsasən, satınalan təşkilatla təchizatçılar arasında keçirilən görüş zamanı iştirak haqqını ödəmiş bütün təchizatçılar üçün bərabər iştirak imkanları yaradılır və görüşün nəticələri protokolla rəsmiləşdirilir. Protokol nəzərə alınmaq üçün iştirak haqqını ödəmiş bütün təchizatçılara həmin gün göndərilir və portalda yerləşdirilir.
Bu Qanunda nəzərdə tutulan görüşlər videomüşahidə vasitələrinin nəzarəti altında aparılır. Həmin videomüşahidə vasitələrinin qeydə aldığı videoyazı satınalan təşkilat tərəfindən azı 6 (altı) ay müddətində saxlanılır və nəzarət orqanının müraciətinə əsasən 3 (üç) iş günü ərzində təqdim edilir.
Satınalan təşkilatla təchizatçılar arasında qeyri-rəsmi danışıqlar aparılması və görüşlərin keçirilməsi qadağandır. Təqdim edilmiş təkliflə əlaqədar satınalan təşkilatla təchizatçı arasında danışıqlar aparılmasına yol verilmir.
Uyğunluq göstəricilərinə cavab verməyən və (və ya) təklifləri uyğun olmayan təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir.