RƏSMİ

22 İyun

Ödəniş alətinin itirilməsi, oğurlanması zamanı ödəyici yalnız 100 manat itkiyə məruz qala bilər

Ödəyicinin avtorizə olunmamış ödəniş əməliyyatları üzrə məsuliyyət həddi müəyyənləşib.

Fins.az xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ödəniş alətinin itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi zamanı hər bir avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə bu Qanunun 25.2-ci maddəsində (Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş ödəniş əməliyyatı haqqında ödəniş xidməti istifadəçisindən bildirişi aldıqdan sonra sübutları 5 iş günündən gec olmayaraq (ödəniş alətləri ilə ölkə xaricində aparılan əməliyyatlarda isə iştirakçısı olduğu ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilmiş müddətdə) təqdim edə bilmədikdə ödəniş əməliyyatının məbləğini ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri ödəməlidir) nəzərdə tutulmuş hallar istisna olmaqla, ödəyici yalnız 100 manatadək və ya xarici valyutada 100 manat ekvivalentinədək itkiyə məruz qala bilər.

Ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəniş alətinin itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi haqqında ödəyici ödəniş əməliyyatının aparılmasından əvvəl məlumatlı olmadıqda və ya ödəniş xidməti təchizatçısının hərəkət və ya hərəkətsizliyi səbəbindən ödəniş alətinin istifadəsi nəticəsində yaranan itkilərə görə ödəyici məsuliyyət daşımır. Ödəyici qanunun tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır.

Ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəyici ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi məlumatlandırdıqdan sonra itirilmiş, oğurlanmış və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilmiş ödəniş alətinin istifadəsi nəticəsində yaranan itkilərə görə məsuliyyət daşımır. Ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəniş xidməti təchizatçısının itirilmiş, oğurlanmış və ya səlahiyyətli olmayan şəxs tərəfindən ödəniş alətinin istifadə olunması haqqında xəbərdarlıq edilməsi üçün ödəyicini əlaqə vasitələri ilə təmin etmədiyi, yaxud ödəniş xidməti təchizatçısı tərəfindən bu Qanuna uyğun olaraq gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilmədiyi halda ödəniş alətinin istifadə olunması nəticəsində yaranan itkilərə görə ödəyici məsuliyyət daşımır.