Azərbaycanda ixtira edən şəxslərə patent verilməsi qaydası müəyyənləşib.
Nazirlər Kabinetinin təsdiq etdiyi “İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması Qaydası”na əsasən, kəşflərə, elmi nəzəriyyələrə, riyazi metodlarına, bədii konstruktorluq işinin nəticəsinə (dizayn), təsərrüfatın və əqli fəaliyyətin təşkili və idarə edilməsi metodlarına, oyunların qaydaları və metodlarına, kompüter alqoritmləri və proqramlarına, informa-siyanın təqdim edilməsi üsullarına, şərti işarələrə, cədvəllər və qaydalara, qurğu (tikili kimi qurğu), bina, ərazi layihələrinə və planlaşdırma sxemlərinə, bitkilər və heyvanlara (mikroorqanizmlər istisna olmaqla), onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsullarına (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla), inteqral mikrosxemlərin topologiyasına, insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsullarına, xəstəliyin diaqnostikası metodlarına, habelə istifadəsinə yol verilməyən ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların həyat və sağlamlığına, bitkilərin mühafizəsinə, ətraf mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsinə patentlə hüquqi mühafizə verilmir.
Onların qeydiyyatına dair iddia sənədi qəbul edilməyəcək və məlumat axtarışı aparılmayacaq.
Bu Qayda ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı barədə iddia sənədi (iddia sənədi) üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması prosedurlarını müəyyən edir. Məlumat axtarışı iddia sənədinin Əqli Mülkiyyət Agentliyinə daxil olduğu tarixdən 18 ay ərzində iddiaçının və ya marağı olan digər şəxsin vəsatəti əsasında obyektin patent qabiliyyətini müəyyənləşdirmək məqsədilə aparılır. Patentin alınması üçün iddia sənədi üzrə məlumat axtarışı və mahiyyətcə ekspertiza Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində iddia sənədi üzrə ilkin ekspertiza başa çatdırıldıqdan sonra həyata keçirilir. İddia sənədinə dair ərizə Azərbaycan dilində tərtib edilir. İddia sənədi Agentliyə daxil olduğu tarixdən qeydiyyata alınır və ona Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ( ÜƏMT) ST-13 standartına uyğun olaraq patent hüququ obyektinin növünü bildirən hərfdən və səkkiz rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Ərizə Azərbaycan dilində tərtib edilmədikdə, qeydiyyata alınmır. Qeydiyyata alınmış iddia sənədi ixtiraya aid olduqda rəqəmdən əvvəl kiçik “a” hərfi, faydalı modelə aid olduqda böyük “U” hərfi, sənaye nümunəsinə aid olduqda isə böyük “S” hərfi yazılır. İddia sənədinin qeydiyyat nömrəsində müvafiq hərf işarəsindən sonra ara verilməklə yazılan ilk dörd rəqəm iddia sənədinin daxil olduğu ili və növbəti dörd rəqəm iddia sənədinin verildiyi il ərzində daxil olmuş iddia sənədinin sıra nömrəsini göstərir. İddia sənədi kağız daşıyıcıda verildikdə, dördrəqəmli sıra nömrəsinin birinci rəqəmi “0”, elektron imzadan istifadə olunmaqla onlayn rejimdə verildikdə isə dördrəqəmli sıra nömrəsinin birinci rəqəmi “3” yazılır.. İddia sənədinin daxil olması barədə iddiaçıya (onun səlahiyyətli nümayəndəsinə) elektron qaydada və ya sifarişli poçt vasitəsilə 2 iş günü müddətində bildiriş göndərilir.
İddia sənədi baxılmaq üçün qəbul edildikdə, aşağıda göstərilənlərin müəyyən edilməsi məqsədilə iddia edilən ixtiranın, faydalı modelin və sənaye nümunəsinin ekspertizası keçirilir:
– ixtira obyektinin istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllərinin mövcudluğu;
– ixtira obyektinin yeniliyi, ixtira səviyyəli olması (bəlli olmayan) və sənayedə tətbiq edilə bilməsi;
– ixtiranın həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən irəli gəlib-gəlməməsi;
– faydalı modelin qurğu obyekti olub-olmaması;
– faydalı modelin yeni olması və sənayedə tətbiqinin mümkünlüyü;
– faydalı model kimi təqdim edilmiş obyektin (məmulatın) xarici görünüşə aid edilən və estetik tələblərin təminatına yönələn həllərin, habelə inteqral sxem topologiyasının olub-olmaması;
– sənaye nümunəsi kimi təqdim edilən məmulatın xarici görünüşünü müəyyən edən bədii-konstruktiv həllərin mövcudluğu;
– sənaye nümunəsinin orijinal olub-olmaması;
– sənaye nümunəsi kimi təqdim edilən obyektin (məmulatın) yalnız texniki funksiyasını şərtləndirən həllər, arxitektura obyektləri (kiçik arxitektura formalarından başqa), sənaye, hidrotexniki və başqa stasionar qurğular, çap məhsulları, maye, qaz, toz və ya bu kimi maddələrdən hazırlanmış dayanıqsız formalı obyektlər olub-olmaması.
Ekspertiza zamanı hüquqi mühafizə verilən ixtira, faydalı model və sənaye nümunələrinin istifadəsinin ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olub-olmaması, insanların, heyvanların həyat və sağlamlığına, bitkilərin mühafizəsinə və ətraf mühitə ciddi ziyan vurub-vurmaması ilə bağlı hallar da müəyyən edilməlidir. Ekspertizanın nəticəsinə dair iddiaçıya bildiriş göndərilir.
İddiaçının və ya iddia sənədi üzrə marağı olan digər şəxsin vəsatəti əsasında iddia sənədinin verildiyi tarixdən etibarən 18 (on səkkiz) ay müddətində iddia sənədinin mahiyyətcə ekspertizası aparılır. Mahiyyətcə ekspertiza iddia sənədi üzrə ilkin ekspertizanın müsbət nəticəsi olduqda keçirilir. İddia sənədinin mahiyyətcə ekspertizasının aparılması üçün Agentliyə Qərarla müəyyən edilmiş məbləğdə haqq ödənilməlidir. Mahiyyətcə ekspertiza ödəniş sənədi Agentliyə təqdim edildikdən sonra həyata keçirilir. İddia sənədinin mahiyyətcə ekspertizasının aparılması barədə vəsatət Agentliyə və ya Ekspertiza Mərkəzinə daxil olduğu tarixdən etibarən 10 (on) gün müddətində vəsatətə baxılmanın nəticələri barədə iddiaçı və ya iddia sənədi üzrə marağı olan digər şəxs elektron poçt, yaxud sifarişli poçt vasitəsilə məlumatlandırılır. Vəsatət iddia sənədi üzrə marağı olan digər şəxs tərəfindən verildikdə, iddiaçı bu barədə xəbərdar edilir.
İddia sənədinin mahiyyətcə ekspertizası aşağıdakı məqsədlərlə aparılır:
– ixtiranın ilkinliyinin təyin edilməsi;
– iddiaçı tərəfindən təqdim edilmiş ixtira düsturunun Tələblərə uyğunluğunun yoxlanılması;
– iddiaçı tərəfindən təqdim edildiyi təqdirdə, əlavə materialların iddia edilən obyektin məzmununa uyğun olub-olmadığının müəyyən edilməsi;
– ixtiranın qanunla müəyyən edilmiş patent qabiliyyəti şərtlərinə uyğunluğunun yoxlanılması.
İxtiranın obyekti sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə, o halda ixtira sənayedə tətbiq oluna bilən sayılır və sənayedə tətbiq edilə bilən (faydalı) ixtira obyektinə hüquqi mühafizə verilir. Sənayedə tətbiqi mümkün olmayan iddia edilən ixtira obyektinin yenilik və ixtiraçılıq səviyyəsinin yoxlanılması aparılmır. İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyata alınması üçün daxil olmuş iddia sənədlərinin Ekspertiza Mərkəzində ekspertizası aparılır və ekspertizanın nəticələrinə dair ekspert rəyi baxılmaq üçün həmin Mərkəzin Müşahidə Şurasına təqdim olunur. Müşahidə Şurası iddia sənədində göstərilən obyektin Qanunun 29-cu maddəsinin 3-cü hissəsinə uyğunluğu barədə müsbət qərar qəbul etdikdə, iddia sənədinə dair məlumatlar Qanunun 30-cu maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, Agentliyin “Sənaye mülkiyyəti” bülletenində dərc edilir. Qanunun 32-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti başa çatdıqdan və ya Agentliyin Apellyasiya Şurasının patentin verilmə-sinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay ərzində ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması üçün dövlət rüsumunun ödənilməsi şərtilə, ixtira, faydalı model və sənaye nümunəsi barədə məlumatlar müvafiq dövlət reyestrinə daxil edilir və iddiaçı olan şəxsə patent verilir.