Özəl məhkəmə eksperti kimi fəaliyyət göstərmək istəyən şəxslərə dair tələblər açıqlanıb.
Fins.az-ın məlumatına görə, Ədliyyə Nazirliyində gələn il martın 1-dən fəaliyyətə başlayacaq özəl ekspert institutunun fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəis müavini Elçin Nəsibov bildirib ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı, ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini, ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu və xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu təqdim etməlidir.
E. Nəsibov qeyd edib ki, bu üç şərtdən birinə cavab verən şəxs özəl ekspert kimi fəaliyyət göstərə bilər: “Daha sonra özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyi tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir. Daşa sonra özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə müsahibə keçirilir. Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr Ədliyyə Nazirliyi tərəfindən veriləcək”.
© APA