RƏSMİ

19 Dekabr

Mediasiya xərclərinin dövlət büdcəsi hesabına ödənilməyə başlanacağı tarix müəyyənləşib

Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə 2020-ci il iyulun 1-dən başlanacaq.

Fins.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli qərarında dəyişiklik edib.

Digər yenilik odur ki, tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda dövlət büdcəsi vəsaiti hesabına mediasiya xərcləri ödənilməyəcək. 

Qaydaya əsasən, ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilməli idi. Dəyişikliyə əsasən, ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri mediasiya xərclərinin tərəflər arasında bərabər bölüşdürüldüyü nəzərə alınmaqla dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödəniləcək.

Eyni zamanda mediator və ya mediasiya təşkilatı mediasiya xərclərini dövlət büdcəsi vəsaitləri hesabına almaq üçün ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərlə bağlı təsdiqedici sənədləri də Mediasiya Şurasına təqdim etməlidir. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəf fiziki şəxs olduqda mediasiya xərclərinin dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi, hüquqi şəxs olduqda isə həmin şəxslərin üzərinə qoyulması barədə müddəa isə ləğv edilib.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə mediatora və ya mediasiya təşkilatına 5 iş günü müddətində yazılı bildiriş göndərilməli idi. Dəyişikliyə görə, müddət müraciətin daxil olduğu gündən hesablamacaq. Başqa sözlə, təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə mediatora və ya mediasiya təşkilatına müraciətin daxil olduğu gündən 5 iş günü müddətində yazılı bildiriş göndəriləcək.

Mediasiya xərclərinin ödənilməsindən mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, 5 iş günü müddətində yazılı məlumat verilməli idi. Dəyşikliyə əsasən, 5 iş günü müddəti məhdudiyyəti aradan qaldırılıb. Mediasiya xərclərinin ödənilməsindən mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, yazılı məlumat veriləcək.