QARABAĞ

19 Sentyabr

Qarabağ və Şərqi Zəngəzurda "yaşıl iqtisadiyyat" ilə bağlı iri infrastruktur layihələrinin icra edilir - Sahib Ələkbərov

Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası çərçivəsində "yaşıl iqtisadiyyat" və kibertəhlükəsizlik məsələlərinin balanslaşdırılması prioritetlər arasında yer alır.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusunda keçirilən ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransında deyib.

S.Ələkbərov qeyd edib ki, "yaşıl iqtisadiyyat" və kibertəhlükəsizlik ilk baxışda fərqli sahələr kimi görünsə də, əslində sıx bağlıdırlar:

"Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiya hazırlanır. Bu strategiyaya uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində informasiya və kibertəhlükəsizlik laboratoriyalarının yaradılması istiqamətində ciddi işlər görülür.

"Yaşıl iqtisadiyyat"ın məqsədləri arasında karbon emissiyalarının azaldılması, bərpa olunan enerji mənbələrinin inkişafı, resursların təkrar istifadəsi, tullantıların azaldılması və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi mövcuddur. Bu konsepsiya ilə "yaşıl iş yerləri"nin yaradılması, dairəvi iqtisadi modelin tətbiqi, ekoloji standartların sərtləşdirilməsi və yeni texnologiyalara investisiyaların artırılması təşəbbüsləri getdikcə daha çox aktuallaşır".

S.Ələkbərov həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yenidənqurma və bərpa işləri çərçivəsində "yaşıl iqtisadiyyat" ilə bağlı iri infrastruktur layihələrinin icra edildiyini bildirib:

"Bu layihələrdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə xüsusi diqqət yetirilir".

Nazir müavini onu da qeyd edib ki, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, böyük həcmli dataların idarə edilməsi, süni intellekt həllərinin tətbiqi, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin icrası, rəqəmsal marketinq, dron və robot texnologiyalarının inkişafı "yaşıl iqtisadiyyat"ın qurulması üçün əlverişli şərait yaradır:

"Bununla yanaşı, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində infrastrukturun genişləndirilməsi, kadr potensialının inkişaf etdirilməsi və texnoloji həllərin tətbiqi məsələlərinə diqqət artırılmalıdır".

Fuad Mədətov
Fins.az