QARABAĞ

05 Sentyabr

Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılacaq

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında “Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Fins.az-ın məlumatına görə, sənəd Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tərəfindən imzalanıb.

Anlaşma Memorandumu, ölkəmizin ərazisində yerləşən və dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, bərpa və konservasiyası, müvafiq istiqamətdə təlimlərin təşkili və mədəni irs sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədini güdür. Sənəd çərçivəsində ilk addım olaraq, Füzuli rayonunun işğaldan azad olunmuş Qoçəhmədli kəndindəki məscidin bərpasına dəstək göstərilməsi planlaşdırılır.

İmzalanma mərasimində qardaş türk respublikaları ilə münasibətlərin inkişafı və mədəni əlaqələrin möhkəmlənməsi sevindirici hal kimi qeyd olunub. Türk Mədəniyyəti və İrsi Fondunun bu sahədə fəal rol aldığı, türk xalqlarının mədəniyyətinin və mədəni irsinin qorunması, təbliği və tanıdılması sahəsinə töhfələr verdiyi vurğulanıb. Azərbaycanın da bu sahəyə xüsusi dəstək göstərdiyi və qarşıdakı illərdə əməkdaşlığın daha da dərinləşəcəyinə inam ifadə edilib.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fuad Mədətov
Fins.az