QARABAĞ

03 May

Kəlbəcər şəhərinin əhalisinin 2040-cı ilədək 4250 mənzillə təmin olunması nəzərdə tutulub

Kəlbəcər şəhərinin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali).

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Fins.az-a verilən məlumatına görə, şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq.

Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub.

Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək.

Fuad Mədətov
Fins.az