Azərbaycanın işğaldan azad olunmuş ərazilərində heyvandarlığın dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar–mart ayları ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quş əti də daxil olmaqla diri çəkidə 4 min 867 ton ət və 34 min 52 ton süd istehsal edilib.
Fins.az xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6 faiz və ya 271 ton artsa da, süd istehsalında 1,3 faiz və ya 460 ton azalma qeydə alınıb. Xatırladaq ki, ötən ilin birinci rübündə işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4 min 596 ton ət və 34 min 512 ton süd istehsal olunub. Ümumilikdə, 2023-cü ildə bölgədə quş əti də daxil olmaqla diri çəkidə 22 min 570 ton ət və 136 min 678 ton süd istehsal edilib.
Cari ilin ilk rübündə ət və süd istehsalına görə Ağdam rayonu birinci yerdə qərarlaşıb. Belə ki, hesabat dövründə burada 1192 ton ət və 10 min 859 ton süd istehsal olunub.