QARABAĞ

27 Dekabr

Ağdamda müasir üslubda salınacaq kəndlərdə ümumilikdə 1657 fərdi yaşayış evi inşa ediləcək

Ağdamda tarixi ənənələri qorumaqla müasir üslubda kənd salınacaq.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

Onun sözlərinə görə, yeni salınacaq Qiyaslı kəndində 656 fərdi yaşayış evi, Salahlı Kəngərlidə 150 fərdi yaşayış evinin, Baş Qərvənd kəndində isə 851 fərdi yaşayış evinin inşası nəzərdə tutulub:

"Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməllərini qoyub. Fərdi yaşayış evləri 2, 3, 4, 5 otaqlı olacaq. Ərazidə qeyri-yaşayış obyektlərinin də inşası planlaşdırılıb. Burada klub-icma mərkəzi, inzibati bina, ticarət və iaşə obyektləri və sair kimi qeyri-yaşayış obyektlərinin inşası nəzərdə tutulub".

B.Hacıyev onu da qeyd edib ki, daha əvvəl Prezident İlham Əliyev tərəfindən təməli qoyulan kəndlərdə artıq fərdi yaşayış evlərinin inşasına start verilib:

"Cənab Prezident tərəfindən təməli qoyulan, Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində artıq söküntü və şaquli planlaşdırma işləri yekunlaşdırılıb. Fərdi yaşayış evlərinin inşasına start verilib. İşlər sürətlə davam etdirilir. Növbəti mərhələlərdə yol və kommunikasiya işlərinə başlanılacaq. Həmçinin, qeyri-yaşayış obyektlərinin inşasının başlanması gözlənilir".

Fuad Mədətov
Fins.az