QARABAĞ

24 Noyabr

Bu ilin sonunadək Azərbaycanın Qarabağ bölgəsinə 5 mindən çox sakin qayıdacaq - Anar Quliyev

Bu ilin sonunadək təqribən 5500 sakin Azərbaycanın Qarabağ bölgəsinin müxtəlif yaşayış məntəqələrinə qayıdacaq.

Fins.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Soltanlı kəndinin təməlqoyma mərasimində deyib.

Onun sözlərinə görə, Soltanlı kəndi Cəbrayıl rayonunun yenidənqurma işlərinin görüləcəyi beşinci yaşayış məntəqəsidir.

Komitə sədri hazırda işğaldan azad edilmiş ərazilər üzrə baş planların hazırlanma prosesinin davam etdiyini qeyd edərək 2026-cı ilədək bərpa edilməsi planlaşdırılan 100 yaşayış məntəqəsindən təqribən 80-ni üzrə baş planın bu il yekunlaşdırılacağını əlavə edib.

Qeyd edək ki, noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin sakinləri iştirak ediblər.

Günel Məlikzadə
Fins.az