İşğaldan azad edilmiş və yenidən tikintisi nəzərdə tutulan yaşayış məskənlərinin sakinləri ilə növbəti görüş keçirilib.
Qurumdan Fins.az-a verilən məlumata görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən görüşdə Cəbrayıl rayonunun Sarıcallı və Maşanlı kəndlərinin sakinləri iştirak edib.
Tədbirin məqsədi kəndin tarixi, mədəni irsi və sosial dəyərləri, digər özəllikləri barədə ətraflı məlumat toplamaq və onun ilkin konsepsiyasını sakinlərə təqdim etməkdir.
Həmçinin, görüşdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, onların istək və təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, yenidən qurulan yaşayış məntəqələrinin sakinləri ilə artıq 10-a yaxın görüş keçirilib.
Günel Məlikzadə
Fins.az