Füzulidə keçirilən əmək yarmarkası başa çatıb.
Fins.az xəbər verir ki, daha sonra yarmarkada iştirak edən işəgötürənlərlə işğaldan azad edilmiş ərazilərdə görülən işlər və birgə əməkdaşlıq məsələlərinin müzakirəsinə dair görüş keçirilib.
Görüşdə ilk olaraq işəgötürənlərə Agentliyin fəaliyyəti, məşğulluq tədbirləri, icra olunan layihələr və Füzuliyə köçürülən sakinlərin məşğulluqlarının təmini istiqamətində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, artıq şəhərə köçürülən 258 ailənin üzvlərinin məlumatları təhlil olunub, uyğun şəxslərin məşğulluq imkanları qiymətləndirilib və məşğulluq tədbirlərinə cəlbinə başlanılıb.
Görülən işlərin nəticəsi olaraq artıq 73 nəfər münasib işlərlə təmin edilib, 20 nəfər müxtəlif istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb edilib. Hazırda daha 150-dək sakinin məşğulluğunun təmini istiqamətində iş aparılır.
Görüşdə, həmçinin, Agentliyin işəgötürənlərə yönəlik dəstək tədbirlərindən danışılıb, azad olunan ərazilərə köçürülən şəxslərin məşğulluqlarının təmini üçün əməkdaşlıq istiqamətləri müzakirə edilib, işəgötürənlərin tələbləri öyrənilib.