QARABAĞ

16 Noyabr

Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları

Bu gün Zəngilan şəhərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransa start verilib.

RİNN-dən Fins.az-a verilən məlumata görə, konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.

Açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev hazırkı qlobal mənzərədə Orta dəhlizin beynəlxalq ticarət və daşımalarda sabitlik və səmərəliliyin simvolu kimi meydana çıxdığını vurğulayıb: “Orta dəhliz böyük həcmdə yükləri cəlb etməkdə davam edir. Bu, onun yüklərin hərəkəti üçün təhlükəsiz, proqnozlaşdırıla bilən və iqtisadi cəhətdən səmərəli alternativ təklif etmək qabiliyyəti ilə müəyyən edilir. Orta dəhlizin Çin və Avropanı birləşdirən okean marşrutundan 2-3 dəfə sürətli olması onu həm də daha sərfəli marşruta çevirir”.

Nazir Orta dəhlizin potensialının artırılması məqsədilə qonşu dövlətlərlə birlikdə aparılan işlərin əhəmiyyətini qeyd edib: “Orta dəhlizin keçdiyi ölkələrdə sabit siyasi iqlim və xalqlar arasında dostluq əlaqələrinin olması dəhlizlə bağlı məsələlərin həllində birgə səyləri daha da möhkəmləndirir. Bu həm də dəhlizi beynəlxalq ticarətdə etibarlı və davamlı marşrut kimi təyin edir. Biz bunu ölkəmizdən keçən tranzit yüklərin həcmində müşahidə olunan davamlı artımda görə bilərik”.

Rəşad Nəbiyev Zəngəzur dəhlizinin bərpasının Orta dəhlizin imkanlarını əhəmiyyətli dərəcədə artıracağını bildirib. Nazir bu məqsədlə istər Azərbaycan daxilində, istərsə də qonşu dövlətlərlə əməkdaşlıq çərçivəsində görülən işlərlə bağlı məlumat verib.

Konfransda yerli və xarici dövlət qurumlarının, beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin əməkdaşları, alimlər və beynəlxalq nəqliyyat şirkətlərinin rəhbərlərinin iştirakı ilə bir neçə mövzuda panel müzakirələr keçirilib.

“Avrasiya regionunun ticarət və davamlı inkişafında beynəlxalq nəqliyyat dəhlizlərinin rolu” mövzusu üzrə panel müzakirələrdə bildirilib ki, son 20 ildə iki qitəni birləşdirən əsas dəhlizlərin – Şimal-Cənub və Şərq-Qərb dəhlizinin üzərində yerləşən ölkəmizdə nəqliyyat infrastrukturu tam modernləşdirilib. Nəticə etibarilə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, yeni beynəlxalq hava limanlarının istifadəyə verilməsi, mülki aviasiya gəmilərinin və ticarət gəmiçiliyi donanmasının genişləndirilməsi, Bakı Beynəlxalq Dəniz Limanının tikintisi və limana bitişik Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanı istər Şərq-Qərb, istərsə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində mühüm mərkəzə çevirdi. Azərbaycanın atdığı bu addımlar nəinki ölkənin, bütövlükdə regionun daha uzunmüddətli və dayanıqlı nəqliyyat əlaqələrinin formalaşmasına istiqamətlənib.

Konfrans zamanı keçirilən yüksək səviyyəli paneldə isə “Tranzit dəhlizlərinin yaradılması: Avrasiyanın potensialından istifadə” mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Panel müzakirədə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omurəliyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu, Özbəkistanın nəqliyyat naziri İlham Maxkamov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov və Qırğızıstanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini İrisbek Bariyev iştirak ediblər.

Panel müzakirədə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Zəngəzur dəhlizi istiqamətində həyata keçirilən nəqliyyat infrastrukturu layihələri barədə məlumat verib: “Zəngəzur dəhlizinin yaradılması təkcə Azərbaycan üçün deyil, eyni zamanda bütün region ölkələri üçün yeni imkanlar açacaq. Azərbaycan bu layihəni bölgədə sülh və təhlükəsizliyi dəstəkləyən, regionun nəqliyyat potensialını artıran və Orta dəhlizi daha da gücləndirəcək layihə kimi görür. Hazırda dəhlizin əsas hissəsini təşkil edən və 110 km uzunluğa malik “Horadiz-Ağbənd” dəmir yolu xəttində tikinti işləri yüksək templə davam edir və tikinti işləri üzrə texniki tərəqqimiz 50%-ə yaxınlaşıb. Bununla yanaşı, qonşu dövlətlərlə də bir sıra işlər görülür”.

Konfransda 15 ölkə, 8 beynəlxalq təşkilat və beynəlxalq maliyyə institutundan 200-dən çox nümayəndə iştirak edir.

Daha sonra tədbir iştirakçılarının Zəngilan rayonunun Ağalı kəndinə turu təşkil olunub.

Konfrans öz işini 17 noyabr tarixində Bakıda davam etdirəcək.

Günel Məlikzadə
Fins.az