Fins.az xəbər verir ki, 19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh – 2023”) yekunlaşıb.
Qarabağ Dirçəliş Fondu artıq üçüncü dəfə qatıldığı sərgidə uğurla iştirak edib.
Sərgi iştirakçıları Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkına dair xüsusi stendini ziyarət edərək sözügedən parkın üçölçülü (3D) Baş planı ilə interaktiv xəritəsi üzərində virtual olaraq tanış olmaq, eləcə də Fondun fəaliyyəti, həyata keçirdiyi bərpa və yenidənqurma layihələri ilə bağlı məlumat almaq imkanı əldə ediblər.
Qarabağ Dirçəliş Fondunun sərgidə təqdim etdiyi Qarabağın abidələrinə həsr olunan pazl oyunu da ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, müxtəlif yaş kateqoriyasından olan yüzlərlə ziyarətçinin iştirak etdiyi oyunun yekununda ən çox xal yığan 9 nəfər üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” t-shirt kolleksiyasından hədiyyə əldə edib.
Nəzərinizə çatdıraq ki, sərgi çərçivəsində Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan televiziyasının İctimai-siyasi proqramlar Studiyasının hazırladığı “Əsas məsələ” verilişinin xüsusi buraxılışı 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin (“Rebuild Karabakh – 2023”) pavilyonunda aparılıb.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rüfət Həmzəyevin aparıcılığı ilə baş tutan verilişdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, millət vəkilləri Nigar Arpadarai və Tural Gəncəliyev iştirak ediblər.
“Qarabağ yeni inkişaf mərhələsində: məqsədlər və vəzifələr” mövzusunda təşkil olunan verilişdə iştirakçılar “Rebuild Karabakh” sərgisinin Azərbaycanın sərgi industriyasında yeri və işğaldan azad olunmuş ərazilərə investisiya yatırımı baxımından əhəmiyyəti, Qarabağın dirçəlişi ideyası ətrafında indiyədək birləşən dövlət-biznes-cəmiyyət sinergiyası, Qarabağdakı aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını nəzərdə tutan Böyük Qayıdış proqramının icrası və bu zaman nəzərə alınmalı zəruri məsələlər ətrafında fikirlərini bölüşüblər.
Eyni zamanda bərpa və quruculuq işlərinə xarici investisiyaların cəlb edilməsi, işğaldan azad olunmuş ərazilərə köçmüş insanların məşğulluğunun təmini, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatda yaratdığı dəyər və digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, ölkəmizdə keçirilən beynəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri sərgidən əldə olunan gəlirin bir qismini – 33300 manatı işğaldan azad olunan ərazilərin bərpasına dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib.
Qeyd edək ki, “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır.
Sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.