QARABAĞ

02 Oktyabr

Qarabağda Azərbaycan manatının tam tədavülə keçməsi təmin edilir

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası çərçivəsində Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.

Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

Qeyd edək ki, Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.

Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.