“Almaniya Azərbaycanda minatəmizləmə sahəsində həyata keçirilən ayrı-ayrı layihələri dəstəkləməyə hazırdır”.
Bunu “Report”a Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib.
O, Almaniyanın minatəmizləmə üzrə qəbul etdiyi yeni strategiyada digər ölkələrə dəstəyin göstərilməsinin də nəzərdə tutulduğunu bildirib.
Səfir Azərbaycanın piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair Ottava konvensiyasını hələ ratifikasiya etmədiyini vurğulayıb.
“Biz bu ərazilərdə həyata keçirilən işlərə köklənməyə, ayrı-ayrı layihələri dəstəkləməyə hazırıq. Müəyyən büdcənin ayrılması nəzərdən keçirilir, lakin ölkəmiz layihələrdə fəal iştirak etməyə hazırdır”, - Almaniya səfiri bildirib.
Xatırladaq ki, “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransın iştirakçılarının işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb.
ANAMA və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə martın 31-dən aprelin 1-dək Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı hibrid beynəlxalq konfrans keçiriləcək. Tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.