Ağdamın işğaldan azad olan Şahbulaq kəndində mişar daşı yatağı istifadəyə veriləcək.
Fins.az xəbər verir ki, bunu Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. Xüsusi nümayəndə qeyd edib ki, əldə olunan mişar daşlarından işğaldan azad olan ərazilərin tikintisində istifadə olunacaq: “Bilirsiniz ki, məhz Ağdam rayonunda, o cümlədən Ağdam şəhərində binaların əksəriyyətinin tikintisində həmin yerli ağ mişar daşlarından, əhəng daşlarından istifadə olunub. Burada həmin faydalı qazıntılar kifayət qədər çoxdur. Ağdam rayonunda bir neçə çox zəngin yataqlar, daş karxanaları var. Bu yaxınlarda bizim Şahbulaq kəndində olan böyük mişar daşı yatağının istismar edilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi bir müsabiqə keçirilib. Hazırda müsabiqə yekunlaşmaq üzrədir”.
Bunun regionun ən vacib üstünlüyü olduğunu vurğulayan E. Hüseynov bu üstünlüklərdən istifadə ediləcəyini deyib: “Həm Ağdamda, həm də bütövlükdə Qarabağ bölgəsində yerli xammala əsaslanacağıq. Ağdam Sənaye Parkında, həm də digər bölgələrdə emal müəssisələri, tikinti məhsulları istehsal edən müəssisələr yaradılacaq. Bu, birmənalıdır”. (Apa)