QARABAĞ

08 Oktyabr

ANAMA Goranboya atılmış 10 ədəd raket aşkarlayıb

4-8 oktyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (SMERC) aşkar olunub.

Bu barədə fins.az-a Agentlikdən məlumat verilib.

Həmin raketlərdən 3 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinmişdir ki, bu bombacıqlar da “Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinifinə daxildir. Həmçinin qeyd olunan ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketinin “bombacıqları daşıma konteyneri və paylama boruları”nın da aşkarlanması bu tipli raketlərin istifadəsini təsdiq edən amillərdəndir.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 08 oktyabr 2020-ci il tarixlərində 339 siqnal (əməliyyat çağırışı) əsasında 313 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 73 ədəd partlamamış hərbi sursat (PHS), 598 ədəd bombacıq, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteroloji radiopelenqator, 2 ədəd kamikadze dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 100 ədəd partlamış raket hissələri aşkar olunub.

(c)report