MÜSAHİBƏ

15 Avqust

Yeni dünya nizamı: siyasi analiz və proqnozlaşdırma

Ziddiyyətlər və qarşıdurmalarla zəngin dünyamızda siyasi proqnozlar verməyin dünyamızın özündən də mürəkkəb məsələ olduğu danılmaz həqiqətdir. Bu həqiqətə söykənməklə irəli sürdüyümüz mülahizə və fikirlərin elmi-siyasi polemikaya səbəb ola biləcəyini də istisna etmirik. Həqiqətin mübahisələrdən doğduğu və mübahisə tərəflərindən eyni məsafədə olduğu da istinad etdiyimiz yanaşmalardandır.

Tədqiqat predmeti ilə bağlı analizlərin səmərəliliyini təmin etmək üçün dünyanı iqtisadi inkişaf səviyyəsinə görə şərti olaraq 3 hissəyə bölünmüş şəkildə təhlil etməyə çalışaq:

“Birinci dünya” (inkişaf etmiş) 3 zonadan ibarətdir: Şimali Amerika, Qərbi Avropa və Yaponiya. Burada kapitalist iqtisadiyyatı və demokratik cəmiyyət institutları hökmrandır. “İkinci dünya”ya (orta inkişaflı) Müstəqil Dövlətlər Birliyi (MDB), Şərqi Avropa, Baltikyanı dövlətlər, Çin Xalq Respublikası (ÇXR sırf iqtisadi inkişaf parametrlərinə görə inkişaf etmiş dövlətlər ailəsinin üzvü hesab oluna bilər) və Hindistan aid edilir. Bu dövlətlər üçün islahatlar, əvvəlki sosializm modelindən imtina, kapitalizmin Qərb modelinə keçid xarakterikdir. “Üçünücü dünya”  (inkişaf etməkdə olan) isə ənənəvi olaraq Afrika, Latın Amerikası, Yaxın və Orta Şərq, Şərqi Asiya ( ÇXR və Cənubi Koreya istisna olmaqla) və Cənubi Asiya ( Hindistan istisna olmaqla) ölkələrindən ibarətdir. Bu qrup dövlətlər üçün sosialiqtisadi inkişafın aşağı səviyyəsi xarakterikdir. Hər üç dünya müxtəlif xarakteristikaya malikdir.

“Birinci dünya” daxilində hər üç subregionun öz inteqrasiya zonası vardır: Qərbi Avropada–Avropa İttifaqı, Şimali Amerikada–NAFTA, Şərqi Asiyada isə institusion baxımdan tam tənzimlənməmiş Yaponiya–ABŞ, ABŞ–ASEAN ölkələri əlaqələrini göstərmək olar. Birinci halda söhbət inkişaf etmiş inteqrasiyadan, ikinci halda başlanmış prosesdən, üçüncü halda isə tendensiyadan gedir.

Hər üç subregion müasir dünyamızın əsas tendensiyası olan qloballaşmaya fəal şəkildə cəlb olunmuşdur. İnformasiya, nəqliyyat və rabitə sahələrində texnoloji inqilab bazasında vahid ümumdünya maliyyə-iqtisadi və informasiya məkanının dinamik formalaşması prosesi olan qloballaşma ABŞ-ın qlobal liderlik funksiyasını yerinə yetirməsi üçün əlverişlı şərait yaratmışdır. ABŞ bu məqsədlə “birinci dünya” daxilində regional inteqrasiyanı şəffaflaşdırmış, onu açıq etmiş və qlobal inteqrasiya üçün möhkəm özül yaratmışdır. Nəticədə ABŞ-ın geoiqtisadi birinciliyi qlobal liderliyi ilə əvəz olunmuşdur. Buna görə də ABŞ qloballaşmada hamıdan çox maraqlıdır. Çünki bu vəziyyət ona nəinki “ikinci” və “üçüncü” dünyanı, eləcə də “birinci dünyan”nı bu və ya digər baxımdan nəzarətdə saxlamaq imkanı vermişdir. Elə məhz buna görə də Avropa dövlətləri tərəfindən bu siyasətə qarşı həyata keçirilən müqavimətin formalarından biri də regionlaşma və lokallaşmadır. Bu proses istənilən ölkədən lokal iqtisadi məkana kampaniyaların (investisiyaların) cəlb olunmasını ehtiva edir. Bütövlükdə, “birinci dünya” öz iqtisadi mahiyyət və məzmunu etbarilə inteqrasiya olunmuş iqtisadi anklav kimi təqdim oluna bilər.

“Birinci dünya” iqtisadi, siyasi və hərbi baxımdan çox güclüdür və faktiki olaraq, sonrakı iki dünya üzərində böyük təsiretmə imkanlarına malikdir. Bu baxımdan “soyuq müharibə”də qalib gəldikdən sonra ABŞ başda olmaqla Qərbin beynəlxalq koordinatlar sistemində dominantlığı anlaşılan idi. Bu reallıq fonunda təkqütblü dünya nizamı formalaşmışdı. Burada ABŞ-ın təkqütblüyün ekvivalenti qismində çıxış etdiyi şübhə doğurmur.

“İkinci dünya”nı nisbi inteqrasiya olunmuş hesab etmək olar. Məsələn, MDB çərçivəsində Rusiya ətrafında, Cənub-Şərqi Asiyada Çin ətrafında inteqrasiya prosesləri baş vermişdir. Tərkibində mütləq qütb olmasa da (məsələn, ABŞ kimi), ÇXR yüksək inkişaf tempi məhz bu ökənin həmin rola daha çox uyğun gəldiyini proqnozlaşdırmağa imkan verir. Gələcəkdə dünyada güclənməkdə olan iqtisadi qütbləşmə fonunda bu dövlətlərdən bəzilərinin “birinci dünya”ya, digərlərinin isə “ikinci dünya”ya transfer edəcəklərini ehtimal etmək olar.

Heç şübhəsiz, “ikinci dünya” ölkələri məhz çoxqütblü dünyada maraqlı olmuşlar və bu ölkələr arasında kifayət qədər iddialı olanlar da az deyil və bir mərkəzdə cəmlənmiş hakimiyyət onları xeyli dərəcədə narahat edən əsas amilə çevrilmişdir.

“Üçüncü dünya”da inteqrasiya mühiti yoxdur. Karib hövzəsi iqtisadi məkanı çərçivəsində Latın Amerikası dövlətlərinin razılaşdırılmış əməkdaşlığa yönəlmiş hərəkətləri ayrı-ayrı lokal cəhdlər kimi qiymətləndirilə bilər. “Üçüncü dünya” hal-hazırda müxtəlif siyasi-iqtisadi inkişaf səviyyəsində olan dövlətlərin konqlomeratıdır. Beləliklə, qloballaşma müstəvisində dünyanın geoiqtisadi strukturu ilə tanışlıqdan sonra aşağıdakı nəticələrə gəlmək mümkündür:

– Birincisi, hazırda ABŞ fövqəldövlət statusunu qoruyub saxlayır. Bu statusu “birinci dünya” dövlətlərinə münasibətdə də  ABŞ-ın məlum davranışını şərtləndirir və nəticədə güclənməkdə olan bir qrup dövlətlərdə potensial narazı qüvvələrin gizli-aşkar formalaşması prosesi qaçılmaz ola bilər. Bu xüsusda Avropa İttifaqı perspektivdə ABŞ-a qarşı, nə qədər paradoksal səslənsə də, potensial rəqib ola bilər;

– ikincisi, ABŞ-ın vahid qlobal liderlik ambisiyası “ikinci” və “üçüncü” dünya ölkələrinə münasibətdə daha real məzmun kəsb etdiyindən “çoxqütblü” dünyanın formalaşması istiqamətində səylər dinamik məzmun kəsb etməkdədir və yeni dünya nizamının yaranması prosesi məntiqi sonluğuna yaxınlaşmaqdadır.

Dünyada formalaşmış bu reallıqdan çıxış edərək, müasir beynəlxalq münasibətlərin mövcud strukturuna əsaslanmaqla və tarixi keçmişin əvəzolunmaz təcrübəsinə söykənməklə, planetin perspektiv inkişaf dinamikasın nəticələri və bu prosesdə qanunauyğunluğun xüsusi çəkisi ilə bağlı mövqeyimizin təhlilinə keçək.

Beynəlxalq münasibətlərin strukturu müəyyən qanunauyğunluq əsasında kəmiyyət və keyfiyyət dəyişikliklərinə uğrayır. Adətən (istisnalar da mümükündür), birqütblü struktur çoxqütblü strukturla əvəz olunur, axırıncısı isə öz növbəsində, ikiqütblüyü doğurur, sonra isə təkqütblük yaranır və yenidən həmin proses təkrarlanır. XIX əsrin əvvəllərinin beynəlxalq münasibətlərinin strukturunu Avropa qitəsi çərçivəsində təhlil etsək, görərik ki, Fransanın əlahiddəliyi fonunda təkqütblü dünya sistemi mövcud idi. Vyana Konqresindən (1815-ci il) sonra çoxqütblü dünya (Avropa Konserti) yarandı və əsrin sonunda ikiqütblü məzmun kəsb etdi. İki blok yarandı: Antanta və Üçlər İttifaqı.

Birinci Dünya müharibəsindən sonra təkqütblük (ABŞ. 1918-1936-cı illər) çoxqütüblüklə (ABŞ, İngiltərə, Almaniya, İtaliya, Yaponiya, SSRİ. 1937-1941-ci illər) əvəz olundu və İkinci Dünya müharibəsindən sonra ikiqütblüyü şərtləndirdi (ABŞ və SSRİ. 1945-1990). Sovet blokunun məğlubiyyəti təkqütblü sistemin yaranmasına səbəb oldu (ABŞ.1991-ci ildən başlayaraq). Bu məntiqə əsaslansaq, təkqütblü sistemin öz yerini çoxqütblü struktura verməsi labüd prosesdir. Növbəti mərhələdə ikiqütblük yaranacaq və onun özünün də konkret tarixi zamanda təkqütblüyə keçəcəyi proqnozlaşdırıla bilər.

Bu strukturlardan hər birinin davamlılıq müddəti müxtəlif obyektiv və subyektiv amillərdən asılı olaraq fərqli ola bilər, lakin bizim üçün vacib olanı strukturların dəyisməsindəki qanunauyğunluq və ardıcıllıqdır.

İndi isə problemə məlum yanaşma məntiqindən çıxış edərək aşağıdakı sxemi tərtib etmək olar:

– üstqurum: bir güc mərkəzi-çox güc mərkəzi-iki güc mərkəzi;

– bazis: birqütblü-çoxqütblüikiqütblü

Bu sxemə əsaslanmaqla müasir dünyadakı vəziyyətə aydınlıq gətirməyə çalışaq. Qeyd olunduğu kimi, dünyada bazis əsasında 1991-ci ildən başlayaraq, birqütblük hökm sürürdü və ona vahid güc mərkəzi timsalında üstqurum uyğun gəlirdi. Bu, ABŞ başda olmaqla “birinci dünya” və ya “qızıl milyard” ölkələridir. ABŞ həm bazisdə, həm də üstqurumda dünya lideri statusunda idi.

Bəs hansı səbəblər və amillər mövcud beynəlxalq münasibətlərin strukturunun labüd dəyişkənliyini şərtləndirir? Beynəlxalq aləmdə ABŞ-ın vahid liderliyi üçün əsas maneə qismində ÇXR çıxış edir. ÇXR öz iqtisadi artımı hesabına Şərqi Asiyada inteqrasiya zonasi yaratmaqda iddialı və israrlıdır, mövcud yüksək iqtisadi potensialını “ikinci” və “üçüncü” dünya ölkələrində işlək vəziyyətə gətirməklə, elə “birinci dünya”ya da təsir etmək imkanları əldə edə bilər.

Çin polad əridilməsi, kömür hasilatı, sement, kimyəvi gübrə, televizor, habelə buğda, pambıq, bitki yağları və meyvə istehsalına görə dünyada birinci yerdədir. Elektrik enerjisi, pambıq-parça məhsulları, ət və çay istehsalına görə isə ikinci yerdə bərqərar olmuşdur. Yer kürəsinin bütün əhalsinin beşdə biri və işlək əhalisinin üçdə birinə malik olan ÇXR sübut etmişdir ki, vaxtilə geridə qalan dövlət həyati əhəmiyyətli sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə aparıcı mövqeyə çıxa bilər.

Çin güclənməkdə olan iqtisadi potensialına adekvat olaraq fəal xarici siyasət kursu həyata keçirir. Məşhur Çin siyasi lideri Den Syaopinin “bir dövlət, iki sistem” prinsipini uğurla həyata keçirən rəsmi Pekin 1997-ci ildə Syanqanı (keçmiş Honkonq), 1999-cu ildə Aomini (Makao) xüsusi ərazi vahidi statusunda tərkibinə qata bilmişdir. Perspektivdə Tayvanın da analoji vəziyətlə üzləşəcəyi istisna deyil. Rəsmi Vaşinqton “vahid Çin” prinsipinə sözdə loyallıq nümayiş etdirsə də, praktiki olaraq “Tayvan məsələsi”ndə rəsmi Pekinlə tam əks mövqedən çıxış edir. ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bir müddət öncə rəsmi Pekinin bütün etirazlarına məhəl qoymayaraq, Tayvana səfər etməsi, sözün həqiqi mənasında, ABŞ–Çin münasibətlərində çiddi çatların yaranmasına səbəb olmuşdur.

“Tayvan böhranı” bu gün, hətta bir sıra parametrlər üzrə “Ukrayna böhranı”nı üstələmişdir. Bu böhranlar fonunda müvafiq olaraq həm Çin-ABŞ münasibətləri, həm də Rusiyanın ABŞ başda olmaqla kollektiv Qərb ilə əlaqələri tam qırılmaq həddinə gəlib çatmışdır. Həm Moskva, həm də Pekin Vaşinqtonu və Brüsseli ölkələrin daxili işlərinə qarışmaqda və beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı həqarətli davranışda ittiham edirlər. Qarşı tərəflər də, öz növbəsində, analoji ittihamlarla çıxış edirlər. Kremlin məntiqinə görə, Ukrayna hərbi blok seçimində azaddır, lakin bu halda “təhlükəsizliyin bölünməzliyi” prinsipinə əməl edilməlidir, çünki Ukraynanın NATO seçimindən sonra Rusiya üçün ciddi təhdid yaranacaqdır. Ağ Ev isə bu yanaşmanı qəbul etmir və məlum Rusiya–Ukrayna müharibəsində bütün istiqamətlər üzrə ikincinin yanındadır. Vəziyyətin dramatikləşməsi tendensiyası nüvə müharibəsi məsələsini aktual edir. Bu isə qlobal fəlakət deməkdir. Eyni zamanda, “Tayvan böhranı” fonunda Rusiya–Çin münasibətlərində xüsusi istiləşmə müşahidə olunmaqdadır. Bu reallıq isə çoxqütblü dünyanın tam formalaşması prosesinə əlavə stimul verir.

Yeni dünya nizamının formalaşması prosesi məntiqi sonluğuna çatmaqdadır. Son Moskva–Vaşinqton, MoskvaBrüssel və Pekin–Vaşinqton qarşıdurması sözügedən prosesin həm lakmus kağızı, həm də katalizatoru olmuşdur. Dünyada sadalanan geosiyasi və geoiqtisadi kataklizmlər, birqütblü dünyanın kollapsı və çoxqütblü dünyanın konturlarının daha qabarıq şəkildə özünü göstərdiyi reallıqda Azərbaycan dövlətinin beynəlxalq arenada yeritdiyi siyasəti necə qiymətləndirmək olar?

Əvvəla, Azərbaycanın xarici siyasəti müstəqildir və milli maraqları ifadə edir. Bu siyasətin sayəsində Azərbaycan güclənmiş və dünya siyasətində aparıcı aktorlardan birinə çevrilmişdir. Ölkəmizi tarixi uğurlara aparan bu siyasətin müəllifi ulu öndər Heydər Əliyevdir. Məhz Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən kəskin dəyişən dünya reallıqlarına adekvat olaraq davam etdirilir, ona çeviklik, kreativlik və innovativlik əlavə edilərək tarixi uğurlara imza atılır. Həmin siyasətin təntənəsi işğal altında olan torpaqlarımızın azad olunmasında, tarixi ədalətin bərpasında və erməni faşizminin başının əzilməsində öz təsdiqini tapmışdır. İlham Əliyev mahir diplomat, dünya səviyyəli siyasi lider və müzəffər Ali Baş Komandan olaraq yenilməz ordusu və mənəvi dayağı olan xalqının gücü ilə tarixi zəfərə imza atmışdır. Qardaş Türkiyə dövlətinin müharibə dövründə göstərdiyi böyük siyasi və mənəvi dəstək unudulmazdır. Eyni zamanda, Prezident İlham Əliyev bu misilsiz qələbənin nəticələrinin beynəlxalq aləmdə qəbul edilməsinə nail ola bilmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün dünyada olduqca mürəkkəb proseslər getməkdədir. Faktiki olaraq beynəlxalq hüquq işləmir. Dövlətlər arasında etimadsızlıq mühiti formalaşmaqda və dərinləşməkdədir. Birqütblü dünyanın “divarları” sökülməkdədir. Yeni dünya düzəninin “divarları”nın hörülməsi prosesi qarşıdurma və kataklizmlərlə müşayiət olunmaqdadır. Bəzi pessimist ekspertlər, hətta bir az da irəli gedərək, planetimizin 3-cü Dünya müharibəsinə yuvarlanmaqda olduğunu dilə gətirirlər.

Bax, bütün bu acı reallıqlar fonunda dövlətlərarası münasibətlərin ən sivil modelini qardaş Azərbaycan və Türkiyə dövlətləri ortaya qoymuşdur. Elə bir model ki, qarşıdurmaya “yox!”, əməkdaşlığa “hə!” deyir. Elə bir model ki, lokal, regional və qlobal səviyyələrdə sülhə, əmin-amanlığa və təhlükəsizliyə xidmət edir, xalqlar arasında birgəyaşayış mədəniyyətini və multikultural dəyərləri təbliğ edir. Bu modelin qlobal geosiyasi maraqlarının təminatı naminə beynəlxalq hüququ “dəfn edən” böyük dövlətlər tərəfindən öyrənilməsi və praktiki olaraq fəaliyyətlərində tətbiq edilməsi ümumi evimiz olan Yer kürəsinin nicatı və hifzi baxımından son dərəcə zəruridir.

Elman NƏSİROV, Milli Məclisin deputatı,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

© xalq qazeti