MARKETİNQ

13 Mart

Meta-da oğurluq

Son zamanların ən çox danışılan şirkətlərindən biri olan Meta, keçmiş infrastruktur vitse-prezidenti Dipinder Singh Khurananı məxfi qalmalı olan məlumatları oğurladığı səbəbilə məhkəməyə verib. Müvafiq olaraq, Xuranə işdən çıxarkən özü ilə vacib kadr məlumatları götürərək yeni şirkətinə yüksək performanslı işçiləri cəlb etməyi planlaşdırırdı. Həmçinin bildirilir ki, Xuranə şirkətin tədarük zənciri ilə bağlı kritik məlumatları oğurlamış ola bilər. Silikon Vadisində böyük əks-səda doğuran davanın nəticəsi maraqla gözlənilir. 

Fins.az xəbər verir ki, keçən ay Kaliforniya Əyalət Məhkəməsində açılan iddiada Meta bildirib ki, onların infrastruktur üzrə keçmiş vitse-prezidenti Xuranə onlarla imzaladığı müqaviləyə əməl etmir və şirkətin şəxsi məlumatlarını üçüncü şəxslərlə paylaşır.

Böyük əhəmiyyət kəsb edən data infrastrukturu ilə bağlı bəzi məlumatların oğurlandığını bildirən şirkət hüquqşünasları Xuranənin bu məlumatlardan yeni şirkətində istifadə etdiyini iddia edirlər. Bu iddiaların doğruluğu sübuta yetirilərsə, məhkəmə keçmiş vitse-prezidentə böyük cəza kəsə bilər.

Oğurlanan məlumatların xüsusilə son illərdə trend olan süni intellekt sahəsində istifadə ediləcəyini bildirən Meta hüquqşünasları, bu hadisənin onlara böyük zərər verə biləcəyini və rəqabət baxımından geridə qalmalarına səbəb ola biləcəyini vurğuladılar.

Günel Məlikzadə
Fins.az