MARKETİNQ

12 Mart

Apple-ın səhm dəyəri çöküb

Hər zaman gündəmdə olan Apple, son günlər səhm dəyərinin xeyli aşağı düşməsi ilə danışılmağa başlayıb. 2024-cü ilin əvvəlindən bu yana 2,5% dəyər itirən şirkətə Avropa İttifaqının kəsdiyi 1,8 milyard avro cərimə ilə növbəti zərbə vuruldu.

Fins.az xəbər verir ki, mütəxəssislər bu vəziyyətin bir çox əsaslı səbəblərini sadalasa da, şirkət rəhbərliyinin son uğursuz vəziyyətə necə reaksiya verəcəyi maraq doğurur. Hətta rəhbərlikdə böyük iğtişaşlar olduğunu iddia edənlər də var. 

Bu azalmanın ən böyük səbəbi kimi Apple-ın Çin bazarında iPhone satışlarının əhəmiyyətli dərəcədə azalması göstərilir. Ötən ilin eyni dövrü ilə müqayisədə 24% azalan satış rəqəmləri şirkət üçün qırmızı xəbərdarlıq deməkdir.

1,4 milyard əhalisi ilə böyük istifadəçi tələbi olan ölkənin Amerikadan sonra Apple üçün ən kritik bazar olduğunu söyləyə bilərik. Şirkətin Çin istehsalçılarının təklif etdiyi münasib qiymətlərlə rəqabət aparmaqda çətinlik çəkdiyi bildirilir.

Səhmlərin dəyərinin aşağı düşməsinin digər səbəbi isə Apple-ın süni intellekt tendensiyasına tam yetişə bilməməsidir. iOS 18-də bir çox yeni süni intellekt funksiyaları təqdim edəcəyini açıqlayan şirkət, hələlik istifadəçilərini razı sala bilməyib. Bir müddət əvvəl ləğv edilən Apple Car layihəsi bütün bunlara əlavə edilərkən, şirkət investorları bu enişin uzun müddət davam edə biləcəyi ilə bağlı çaxnaşmaya başladılar.

Günel Məlikzadə
Fins.az